Bloomberg agentliyinin hesablamalarına görə, bu il Hindistanın böyük holdinqi “Tata Group” 75 milyard dollardan çox bazar dəyərini itirib. İtkilərin əhəmiyyətli hissəsi son bir neçə həftəyə təsadüf edir. Bu müddətdə şirkətin kotirovkaları bir sıra mənfi amillərdən zərər görüb — yüksək ixtisaslı əməkdaşlara ABŞ vizalarının verilməsinə qoyulan məhdudiyyətlərdən tutmuş, qrupun tərkibinə daxil olan avtomobil istehsalçısı “Jaguar Land Rover”ə edilən kiberhücuma qədər.
Bloomberg-in məlumatına görə, “Tata Group”a daxil olan 16 şirkətin ümumi bazar dəyəri ötən həftənin sonunda son iki ilin ən aşağı səviyyəsinə enib. Təkcə 19 sentyabrdan bəri, Donald Trampın ABŞ-də işçi vizalarının verilməsini sərtləşdirdiyi gündən, “Tata Group”un bazar kapitallaşması 20 milyard dollar azalıb.
Hindistan qrupunun maliyyə-konsaltinq bölməsi “Tata Consultancy Services Ltd.” ABŞ-də “istedad vizaları” üzrə ən böyük 5 işəgötürəndən biridir və məhz bu vizaların verilməsi qaydaları prezident Tramp tərəfindən sərtləşdirilib. Ötən həftə isə “Tata Motors Ltd.”in səhmləri təqribən 5% ucuzlaşıb, çünki kiberhücum “Jaguar Land Rover” zavodlarının fəaliyyətini iflic edib. Yaxınlarda KİV JLR-in borc yükünü azaltmaq üçün ən böyük beynəlxalq banklardan 2.7 milyard dollarlıq təcili maliyyələşdirmə almağa çalışdığını da xəbər vermişdi.