10 C
Baku
Thursday, December 11, 2025

Bloomberg: HSBC Fransada vergi ödəməkdən yayınmaya görə $300 milyon ödəyəcək

HSBC Holdings vergi ödəməkdən yayınma ilə bağlı uzunmüddətli istintaqı həll etmək üçün Fransa hakimiyyətinə 300 milyon dollar ödəməyə hazırdır. Bu barədə öz mənbələrinə istinadən Bloomberg yazıb.

Bu məbləğ təkcə istintaqın dayandırılması müqabilində tətbiq edilən cəriməni deyil, həm də əvvəl ödənilməmiş vergi borcunu əhatə edir. Agentliyin mənbələrinin iddiasına görə, bank tərəfindən Milli Maliyyə Prokurorluğu ilə təklif edilən bu saziş yaxın bir neçə həftə ərzində Paris məhkəməsi tərəfindən nəzərdən keçiriləcək.

Beş böyük Avropa bankının iştirakı ilə bağlı qalmaqal 2018-ci ildə jurnalist araşdırması dərc edildikdən sonra üzə çıxmışdı. Araşdırma göstərmişdi ki, kredit təşkilatları səhmdarlara dividend vergisindən yayınmağa sistemli şəkildə kömək ediblər. Səhmdarlar vergidən yayınmaq üçün səhmləri müvəqqəti olaraq xaricdə yerləşən investorların adına keçirir, daha sonra isə investorlar həmin qiymətli kağızları əvvəlki sahibinə geri satırdı. Bu yolla qənaət edilən vəsait bölünürdü. Belə sxem “cum-cum” adlandırılıb. 2023-cü ilin mart ayında Fransa hakimiyyəti BNP Paribas, onun törəmə şirkəti Exane, Societe Generale, Natixis və HSBC-nin mərkəzi ofislərində axtarış aparmışdı. Həmin vaxt Bloomberg bildirirdi ki, bu banklara tətbiq edilə biləcək ümumi cərimə 1 milyard avroya çata bilər.

Bu ilin əvvəlində Fransa hakimiyyəti bəyan etmişdi ki, bankların iştirak etdiyi “cum-cum” sövdələşmələri ölkəyə 4,5 milyard avro vergi itkisi gətirə bilər. Hakimiyyət bu vəsaiti geri qaytarmağa çalışır.

Son xəbərlər
Digər xəbərlər