16 C
Baku
Monday, May 20, 2024

Bloomberg: İsveçrə “UBS” və “Credit Suisse”nin birləşməsini nəzərdən keçirir

İsveçrə hökuməti “Credit Suisse”ni xilas etmək üçün bütün mümkün variantları, o cümlədən bankın “UBS” ilə məcburi birləşməsini araşdırır. “Bloomberg”in məlumatına görə, hər iki bank birləşməyə qəti şəkildə qarşı çıxır.

İndi ölkə hakimiyyəti “Credit Suisse”nin gələcəyinə dair bir çox variantları nəzərdən keçirir. Bankın “UBS”ə satılması ilə yanaşı, hissə-hissə müxtəlif investorlara satmaq məqsədilə bölmək variantı araşdırılır.

Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.

“Credit Suisse” bir neçə ildir ki, səs-küylü qalmaqallara görə ciddi problemlər yaşayır. Bank 2022-ci ili 7.9 milyard dollar zərərlə başa vurub ki, bu da bankın 2008-ci ildən bəri ən pis nəticə olub. İsveçrə bankı üçün vəziyyət “Silicon Valley Bank”ın qəfil müflisləşməsi və “Signature Bank”ın bağlanması ilə daha da ağırlaşıb ki, bu da investorların böyük narahatlığına gətirib çıxarıb. Martın 13-də “Credit Suisse” maliyyə hesabatlarında “maddi çatışmazlıqlar” aşkar etdiyini bildirib.

Bundan sonra bir çox ekspertlər “Credit Suisse”nin çox ciddi problemlərinin ola biləcəyindən danışmağa başlayıblar: məsələn, tanınmış amerikalı investor Robert Kiyosaki onun iflasa uğrayacağını gözlədiyini söyləyib.

Bütün bunlar martın 15-də “Credit Suisse” səhmlərinin qiymətlərinin 30% ucuzlaşması ilə nəticələnib, buna görə bank kömək üçün İsveçrə Milli Bankına müraciət etmək məcburiyyətində qalıb. Martın 16-da məlum olub ki, İsveçrə Mərkəzi Bankı təxminən 50 milyard İsveçrə frankı (53.7 milyard dollar) məbləğində kreditin “Credit Suisse”ə ayrılmasını təsdiqləyib.

Nə banklar, nə də İsveçrə hökuməti “Bloomberg”in məlumatlarını şərh etmir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər