İtaliya Ukrayna üçün 12-ci hərbi yardım paketini hazırlayır. Paketə sursatlar və hava hücumundan müdafiə sistemləri üçün SAMP/T raketləri daxil olacaq. Bu barədə vəziyyətlə tanış mənbələrə istinadən “Bloomberg” məlumat verib.
Mənbələrin sözlərinə görə, paket parlament prosedurlarından asılı olaraq ilin sonunadək təsdiqlənə bilər. 2022-ci ildə Rusiyanın Ukraynada xüsusi əməliyyata başlamasından bəri Cyorcia Meloni hökuməti Kiyevə ümumi dəyəri 2,5–3 milyard avro olan 11 hərbi yardım paketi göndərib. İtaliya həmçinin Ukraynaya iki ədəd SAMP/T raket kompleksi batareyası verib.
Təchizatın detalları açıqlanmır — məlumat İtaliyanın dövlət sirri ilə bağlı qanunlarına uyğun olaraq məxfiləşdirilib.
Mənbələr qeyd ediblər ki, yeni paket üzərində hazırlıq prosesi, ölkənin məhdud maliyyə imkanlarına və ABŞ-nin Ukraynaya yardımının azalmasına baxmayaraq, Romanın Kiyevə dəstəyi davam etdirmək niyyətini göstərir.
Bundan əlavə, hökumət artıq büdcə kəsirinin azaldılmasından sonra müdafiə xərcləri ilə bağlı milli istisnanın tətbiqini müzakirə edir — bu isə Aİ qaydaları çərçivəsində maliyyələşməni artırmağa imkan verəcək.
İtaliya həmçinin Avropa vəsaiti hesabına ABŞ silahlarının, o cümlədən Patriot sistemlərinin alınmasına dair NATO təşəbbüsünə qoşulmağa hazırlaşır. Romanın maliyyə payının həcmi hələ müəyyən edilməyib.
“Bloomberg”in qeyd etdiyinə görə, Vaşinqtonun artıq Kiyevə silah tədarükünün pulunu ödəməyəcəyini açıqlamasından sonra Avropa müttəfiqləri Ukraynaya dəstək üçün yeni mənbələr axtarırlar. Donmuş Rusiya aktivlərinin yardımın maliyyələşdirilməsi üçün istifadəsi ilə bağlı qərar Aİ-nin dekabr sammitinə qədər təxirə salınıb.
2 oktyabr tarixində “Politico” yazmışdı ki, Almaniya, Fransa və İtaliya ABŞ və Yaponiyanın Ukraynaya dəstək üçün donmuş Rusiya aktivlərindən istifadə etməsi barədə israr edir.







