24 C
Baku
Thursday, September 25, 2025

“Bloomberg”: Kakao qıtlığı tezliklə sona çatacaq

“Bloomberg” agentliyinin 13 analitik və treyder arasında apardığı sorğuya əsasən, 2025–2026-cı illər mövsümündə (gələn aydan başlayır) istehsal istehlakı təxminən 186 min ton üstələyəcək. Agentlik vurğulayır ki, bu, cari mövsümdə gözlənilən profisitdən iki dəfə çoxdur.

Belə tendensiya əsas istehsal regionu olan Qərbi Afrikada bir neçə uğursuz məhsul yığımından sonra tükənmiş qlobal kakao ehtiyatlarını bərpa etməyə kömək edəcək. “Bloomberg” yazır ki, son üç ildəki uğursuz məhsuldarlıq nəticəsində Nyu-York birjasında fyuçers qiymətləri dörd dəfədən çox artaraq dekabrda rekord səviyyəyə çatıb və istehlakçılar üçün şokolad qiymətlərinin bahalaşmasına səbəb olub.

Qiymətlər hələ də tarixi maksimum səviyyədə qalsa da, bu ilin əvvəlindən şokolad istehlakının azalması və istehsalçıların reseptlərdə dəyişiklik etməsi fonunda təxminən 40% enib.

Qana və Kot-d’İvuar – kakao istehsalında iki ən iri ölkə – fermerləri məhsulu hökumət tərəfindən təsbit olunmuş qiymətə satır və bu, qlobal bazarda qiymət artımından onların faydasını məhdudlaşdırır. Digər ölkələrdə isə bazar daha sərbəstdir və qiymətlərin artımı fermerləri plantasiyaları genişləndirməyə həvəsləndirib.

Üçüncü ən iri istehsalçı olan Ekvadorda məhsuldarlığın və yeni plantasiyaların hesabına gələn mövsümdə istehsalın təxminən 5% artaraq 580 min tona çatacağı gözlənilir.

Kakaonun yüksək qiymətləri həm də tələbi zəiflədir: şokolad istehsalçıları məhsullarını bahalaşdırır, bu da profisitin yaranmasına əlavə təsir göstərir. “Bloomberg” sorğusunda iştirak edən analitik və treyderlər istehlakçıların xərcləri azaltması və bəzi istehsalçıların xərcləri azaltmaq üçün kakao əvəzedicilərinə keçməsi səbəbindən istehlakın daha da azalacağını gözləyirlər.

İkinci rübdə kakao emalı Avropa, Asiya və Şimali Amerikada azalıb, və ekspertlərin fikrincə, növbəti rübün göstəriciləri də ehtimal ki, eniş nümayiş etdirəcək.

Son xəbərlər
Digər xəbərlər