Bloomberg-in məlumatına görə, Yaxın Şərqdə yeni münaqişə fonunda Misir və Səudiyyə Ərəbistanının fond bazarları eniş göstərib. Agentliyin bildirdiyinə əsasən, Səudiyyə Ərəbistanının əsas indeksi olan Tadawul All Share 2,2% azalıb — bu, 2025-ci ilin aprelindən bəri ən böyük günlük enişdir.
Düşüş daha kəskin ola bilərdi, lakin indeksin təxminən 16%-ni təşkil edən dövlət neft şirkəti Saudi Aramco-nun səhmlərinin 3,4% bahalaşması itkiləri qismən kompensasiya edib. Agentlik qeyd edib ki, bu artım qlobal bazarların Asiyada açılmasından sonra neft qiymətlərinin yüksələcəyi gözləntiləri ilə bağlıdır.
Misirin əsas indeksi isə 2,5% enərək fevralın ortalarından bəri ümumi azalmanı 8%-dən çoxa çatdırıb. Bu eniş ABŞ və İran arasında hərbi münaqişənin başlanacağı gözləntiləri fonunda baş verib. Oman və Bəhreyn fond bazarları da ucuzlaşıb, Küveyt birjası isə “ehtiyat tədbiri” olaraq ticarəti dayandırıb. İsrail bazarı bazar günü bağlı olub, çünki ölkə yaxın vaxtlarda həftəlik ticarət rejimini bazar ertəsindən cüməyədək dəyişib.
Bloomberg həmçinin bildirib ki, mayeləşdirilmiş təbii qazın (LNG) ən böyük alıcısı olan Yaponiyanın Jera şirkəti Yaxın Şərqdən əməkdaşlarını geri çağırır. Şirkət nümayəndəsinin açıqlamasına görə, bütün əməkdaşlar və onların ailələri “təhlükəsizlik səbəbilə” regiondan təxliyə ediləcək.
Bundan əlavə, dünyanın ən iri gəmiçilik şirkətləri artıq Fars körfəzindən yayınmağa başlayıb. Dünyanın ən böyük liman operatorlarından biri olan DP World Dubaydakı əsas limanı Cəbəl-Əlini müvəqqəti dayandırıb. Dünyanın ən böyük özəl gəmiçilik və logistika şirkəti Mediterranean Shipping Company (MSC) Yaxın Şərqə yük daşımaları üzrə bronlaşdırmanı dayandırıb. Danimarkanın A.P. Moller-Maersk A/S və Almaniyanın Hapag-Lloyd AG şirkətləri isə Hörmüz boğazı vasitəsilə tranziti dayandırıb.
Fevralın 28-i səhər İsrail İrana qarşı “preventiv zərbə” endirdiyini bildirib, daha sonra ABŞ genişmiqyaslı hərbi əməliyyat elan edib. Tehran isə İsrailə və Yaxın Şərqdəki ABŞ hərbi bazalarına cavab zərbələri endirməyə başlayıb. Daha sonra region ölkələri İranın pilotsuz uçuş aparatlarının otellərə, hava limanlarına və digər obyektlərə hücumları barədə məlumat yayıb.
Bir gün əvvəl İran mediası İslam İnqilabı Keşikçiləri Korpusuna istinadən Hörmüz boğazının bağlandığını bildirib, bu gün isə bəzi KİV-lər Fars körfəzinin ABŞ gəmiləri üçün bağlandığını yazıb. Martın 1-də Oman Dəniz Təhlükəsizliyi Mərkəzi Hörmüz boğazında neft tankerinə hücum edildiyini açıqlayıb.
Bloomberg yazıb ki, İsrail və ABŞ-ın İrana hücumlarından sonra tankerlər Hörmüz boğazından yayınır. Yeni münaqişə fonunda WTI markalı neftin qiyməti bir barel üçün $75,33-a yüksəlib. Yaxın Şərq liderləri Vaşinqtonu xəbərdar ediblər ki, hərbi əməliyyatlar davam edərsə, neftin qiyməti $100-dan yuxarı qalxa bilər. Tədarük zəncirində yaranan fasilələr fonunda OPEC+ neft hasilatını sutkada 206 min barel artırmaq qərarı verib.






