Süni intellekt sahəsində aparıcı şirkətlərdən biri olan “OpenAI” yeni maliyyələşdirmə raundunun ilk mərhələsini tamamlamağa yaxındır və onun həcmi, ehtimal ki, 100 milyard dollardan çox olacaq. Bu barədə müzakirələrlə tanış mənbələrə istinadən “Bloomberg” yazır. Agentliyin həmsöhbətlərinin sözlərinə görə, ChatGPT-nin tərtibatçısının yekun qiymətləndirilməsi 850 milyard dolları keçə bilər ki, bu da əvvəl gözlənilən 830 milyard dollardan yüksəkdir.
“Bloomberg”in məlumatına görə, maliyyələşdirmə raundunun ilk hissəsi çərçivəsində “OpenAI” əsasən “Amazon”, “SoftBank Group”, “Nvidia” və “Microsoft” kimi strateji investorlar tərəfindən maliyyə yatırımları alacaq. Mənbələrin sözlərinə görə, bu şirkətlər müzakirə olunan maksimum məbləği investisiya etsələr, onların ümumi öhdəlikləri 100 milyard dollara yaxınlaşacaq. Gözlənilir ki, “Amazon” 50 milyard dollara qədər, “SoftBank” 30 milyard dollara qədər, “Nvidia” isə 20 milyard dollara qədər investisiya edə bilər.
Mənbələr bildiriblər ki, adı çəkilən şirkətlər “OpenAI”yə yatıracaqları vəsaitin yekun həcmini fevralın sonuna qədər müəyyən edəcəklər. Gözlənildiyinə görə, korporativ vəsaitlər 2026-cı il ərzində bir neçə tranş şəklində daxil olacaq. “OpenAI”, “Amazon”, “Nvidia”, “SoftBank” və “Microsoft” nümayəndələri ya şərh verməkdən imtina ediblər, ya da “Bloomberg”in sorğusuna cavab verməyiblər.
“Bloomberg” qeyd edir ki, sövdələşmənin növbəti mərhələsi vençur fondlarından, suveren rifah fondlarından və digər investorlar tərəfindən maliyyə cəlb edilməsini nəzərdə tutur. Daha əvvəl bildirilmişdi ki, “OpenAI”nin baş direktoru Sem Altman Yaxın Şərq ölkələrinin suveren fondları, o cümlədən “Abu Dhabi Investment Authority” və MGX ilə investisiyalar barədə danışıqlar aparıb.
“Bloomberg” yazır ki, “OpenAI”nin hazırkı maliyyələşdirmə raundu rekord olacaq və şirkətə süni intellekt alətlərinin inkişafı üçün əlavə kapital cəlb etməyə imkan verəcək. Həmçinin “OpenAI” birjaya çıxış üzərində də işləyir: “The Wall Street Journal”ın mənbələrə istinadən yazdığına görə, şirkət artıq 2026-cı ilin dördüncü rübündə IPO keçirə bilər.







