2018-ci ildəki yayımın ən pis göstəricilərindən sonra “Oskar” mükafatının təqdimetmə mərasiminin televiziya reytinqi son dörd ildə ilk dəfə yüksəlib.
Bloomberg agentliyi xəbər verir ki, ABŞ Kino Akademiyasının mükafatlarının fevralın 24-də keçirilən təqdimetmə mərasiminin auditoriyası 2018-ci illə müqayisədə 12 faiz artıb.
“The Hollywood Reporter” nəşrinin məlumatına əsasən, aparıcının olmaması səbəbindən sonuncu “Oskar” əvvəlkinə nisbətən 41 dəqiqə qısa sürüb və 3 saat 13 dəqiqə davam edib. ABC teleradio kompaniyası mükafatın təqdimetmə mərasimini 29,6 milyon insanın izlədiyini bildirib. Ötən il bu göstərici 26,5 milyon nəfər idi.
2014-cü ildən başlayaraq “Oskar” mükafatının televiziya auditoriyası daim azalırdı. Agentlik reytinqin hazırkı yüksəlişini sahənin ümumi böhranı fonunda televiziyanın nadir uğurlarından biri kimi qiymətləndirir.
Xatırladaq ki, “Oskar” kino mükafatının 91-ci təqdimat mərasimi fevralın 24-də Los-Anceles şəhərində baş tutub.







