Qətər Ras-Laffanda yerləşən dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz (LNG) zavodunda istehsalın bərpası üçün mühəndisləri və işçiləri yenidən toplamağa başlayıb. Bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb. Mənbələrin sözlərinə görə, ölkə bu qərarı ABŞ və İran arasında atəşkəs elan edildikdən sonra qəbul edib.
Ras-Laffan zavodu martın 2-dən fəaliyyət göstərmir. Həmin gün İran istehsal obyektinə raket zərbəsi endirib. Zavod 18 və 19 mart tarixlərində də təkrar hücumlara məruz qalıb. İstehsalın dayandırılması nəticəsində qlobal qaz tədarükündə çatışmazlıq yaranıb. Bloomberg-in məlumatına görə, zavodun tam gücü ildə 77 milyon ton LNG təşkil edir. Qətər hakimiyyəti isə bildirirdi ki, LNG tədarükünün adi qrafikə qayıtması üçün “həftələr və ya aylar” tələb oluna bilər.
Mənbələrin bildirdiyinə görə, atəşkəs şəraitində zavod məhdud rejimdə fəaliyyətə başlaya və texniki işlər apara biləcək. Yaxın günlərdə istehsalın bir hissəsinin bərpası mümkündür. Bununla belə, böyük həcmdə istehsala qayıtmaq üçün Qətərə məhsulun Hörmüz boğazı vasitəsilə tranzitinə icazə lazım olacaq.
ABŞ prezidenti Donald Trump İrana qarşı zərbələrin iki həftəlik dayandırılmasına razılıq verib. Onun sözlərinə görə, tərəflər sülh tənzimlənməsi istiqamətində irəliləyiş əldə ediblər və bu müddət ərzində yekun razılaşmanı rəsmiləşdirə bilərlər. İsrail də respublikaya qarşı zərbələrin dayandırıldığını elan edib. ABŞ və İran arasında danışıqlar aprelin 10-da İslamabad şəhərində keçiriləcək.






