“Bloomberg”: Qızılın bahalaşması Çinə Tramp və dollardan daha az asılı olan dünya qurmağa kömək edir
“Bloomberg”: Qızılın bahalaşması Çinə dünyanın Tramp və dollardan asılılığını azaltmağa kömək edir
Çin qızıl qiymətlərinin rekord səviyyəyə yüksəlməsindən yaranan vəziyyətdən yararlanaraq dünya maliyyə sisteminin böyük bir hissəsini ABŞ-nin nəzarətindən çıxarmağa çalışacaq. İqtisadçıların fikrincə, Çin hakimiyyəti Vaşinqtonun sanksiyalardan getdikcə daha çox istifadə etdiyi və hətta uzunmüddətli ticarət tərəfdaşlarını özündən uzaqlaşdırdığı bir vaxtda ABŞ-nin maliyyə dominantlığına alternativ təklif edə bilər, “Bloomberg” yazır.
Pekin 2015-ci ildən bəri qızıl ehtiyatlarını formalaşdırır və hazırda onların həcmi dünyada altıncı ən böyük ola bilər. 2025-ci ildə Çin Honq-Konqu daxili ticarət mərkəzi kimi möhkəmləndirib və Şanxay Qızıl Birjasının ilk ofşor anbarını açıb. Bundan əlavə, Pekin digər ölkələri də öz qızıl ehtiyatlarını Çindəki gömrük anbarlarında saxlamağa təşviq etməyə çalışır.
“Çin artıq dünyanın ən böyük qızıl istehsalçısıdır. İndi o, maliyyə sistemindəki rolunu möhkəmləndirmək istəyir və hazırda buna qarşı müqavimət minimaldır”, — deyə “Standard Chartered Plc” şirkətinin Çin və Şimali Asiya üzrə baş iqtisadçısı Din Şuan bildirib. “Hutong Research” şirkətinin tərəfdaşı Qo Şan isə əlavə edib: “Əgər Çinin daha çox qızılı olarsa, bu, yuanın etibarlılığını artıracaq”. Qızıl həmçinin Çinin dolların dominantlığına qarşı mübarizə vasitəsi kimi alternativ aktivlərə artan marağını da təmin edə bilər.
“Çin dünya maliyyə sisteminin bir hissəsini ABŞ-nin nəzarətindən çıxarmağa çalışır”, — deyə Finlandiya Bankının İnkişafda olan İqtisadiyyatlar İnstitutunun rəhbəri İikka Korhonen bildirib. Onun sözlərinə görə, Pekin “bu fürsətdən istifadə edib paralel qızıl sistemi yarada bilər”. Lakin yuanın təşviqi və xammal bazarlarında Çinin təsirini artırmaq cəhdləri hələlik o qədər də səmərəli deyil.
Yuanla nominallaşdırılmış mis və neft müqavilələri ABŞ dolları ilə ticarət olunan beynəlxalq etalon müqavilələrlə müqayisədə çox az likvidliyə malikdir, həmçinin yuan üçüncü ölkələr arasında ticarətdə dominant mövqedə deyil. Qızıla gəlincə, Şanxay dollarla hesablaşma sistemlərinə nəzərən alternativ hesab olunur, lakin hətta orada da likvidlik dünyanın ən böyük qiymətli metal ticarət mərkəzi olan London səviyyəsinə çatmır.
London 8800 tondan çox qızıl ehtiyatına malikdir və bu, İngiltərə Bankını ABŞ Federal Ehtiyat Sistemindən sonra dünyanın ikinci ən böyük qızıl saxlayıcısına çevirir. Qiymətli metallar üzrə ticarət platforması “BullionVault”un tədqiqat direktoru Adrian Eşin fikrincə, Çin üçün növbəti məntiqli addım mərkəzi banklara Şanxay Qızıl Birjasında qızıl ticarəti aparmağa və onu saxlayıcı banklara kredit kimi verməyə icazə vermək olardı: “Çinin ambisiyalarını nəzərə alsaq, bu, tamamilə məntiqlidir”, — deyə Eş qeyd edib.