2025-ci ilin əvvəlindən etibarən rubl 45% möhkəmlənib və spot gəlirlilik baxımından dünyanın ən gəlirli beş aktivindən birinə çevrilib. Bu barədə hesablamaları ABŞ-nin “Bloomberg” agentliyi aparıb.
Agentlik rublun möhkəmlənməsini beynəlxalq sanksiyalar səbəbindən Rusiyada xarici valyutaya tələbin azalması ilə əlaqələndirir. Eyni zamanda sərt pul-kredit siyasəti rubl ifadəli aktivlərin rusiyalılar üçün cəlbediciliyini artırıb. Rublun mövqeyini Rusiya Mərkəzi Bankının xarici valyuta satışı da dəstəkləyir. Bundan əlavə, “Bloomberg” qeyd edir ki, tənzimləyicinin uzun müddət əsas faiz dərəcəsini yüksək səviyyədə saxlaması, daha sonra isə onu 16%-ə endirməsi də milli valyutanın möhkəmlənməsinə təsir göstərib.
Agentliyin yazdığına görə, rublun məzənnəsinin artması Rusiya Mərkəzi Bankı üçün inflyasiya ilə mübarizədə arzuolunan addımdır. Lakin Moskvanın Pyotr Stolıpin adına İqtisadi Artım İnstitutunun iqtisadçıları xəbərdarlıq edirlər ki, rublun möhkəmlənməsi getdikcə təhlükəyə çevrilir. Agentliyin istinad etdiyi araşdırmada qeyd olunur ki, həddindən artıq güclü rubl rəqabət qabiliyyətini zəiflədir və Rusiyanın investisiya cəlbediciliyini azaldır.
Rusiya Mərkəzi Bankı dekabrın 25-nə ABŞ dollarının rəsmi məzənnəsini 78,43 rubl, avronu 92,47 rubl, yuanı isə 11,18 rubl səviyyəsində müəyyən edib.
Dekabrın 23-də Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının rəhbəri Aleksandr Şoxin bildirib ki, o, 2026-cı ilin sonuna qədər dolların məzənnəsinin 90–95 rubl diapazonunda olmasını istərdi. Onun sözlərinə görə, güclü rubl inflyasiyanın azalması kimi müsbət təsir göstərsə də, ixracatçıların gəlirlərini və büdcə daxilolmalarını azaldır. Bu axşam biznes nümayəndələrinin Rusiya prezidenti Vladimir Putinlə görüşü planlaşdırılır. Prezidentin mətbuat katibinin sözlərinə görə, müzakirələrin açıq xarakter daşıması səbəbindən görüş qapalı formatda keçiriləcək.






