“Rosneft” şirkətinin Rusiyanın Arktika bölgəsində həyata keçirdiyi “Vostok Oil” layihəsindən ikinci neft partiyası yola salınıb.
Banker.az xəbər verir ki, “Bloomberg” gəmi izləmə məlumatları bunu təsdiqləyir. Yükü daşıyan “Akademik Qubkin” tankeri Murmansk istiqamətində hərəkət edir.
Gəminin çərşənbə günü Murmanska çatacağı gözlənilir. Tankerin göyərtəsində Şimal Dəniz Yolu üzərində, Yenisey körfəzində yerləşən “Buxta Sever” neft terminalında yüklənmiş 100 min tondan çox neft var.
Murmansk limanı ilboyu donmadığından Rusiyanın Arktikadakı neft və LNG layihələrindən hasil olunan məhsullar üçün əsas tranzit mərkəzlərindən biri hesab olunur.
Sentyabrın əvvəlində “Vostok Oil” layihəsindən ilk neft partiyasını götürən “Valentin Pikul” tankeri hazırda yüksüz hərəkət etdiyini göstərən siqnal ötürüb. “Bloomberg” bunu gəminin həftəsonu nefti Murmanskda boşaltmış ola biləcəyi ilə əlaqələndirir.
“Vostok Oil” Krasnoyarsk diyarı və Taymır yarımadasında iri neft-qaz ehtiyatlarının işlənməsini nəzərdə tutan genişmiqyaslı Arktika layihəsidir. 2027-ci ilin ikinci yarısında layihə üzrə tədarükün ildə 30 milyon tona, 2030-cu ildə isə 50 milyon tona çatdırılması planlaşdırılır. Rusiya baş nazirinin müavini Aleksandr Novakın sözlərinə görə, layihədən hasil olunan neft Asiya-Sakit okean regionundakı alıcılara, eləcə də “qərb istiqamətinə” göndəriləcək.







