ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşner İranla nüvə sazişi üzrə növbəti danışıqlar raundunda iştirak etmək üçün Cenevrəyə getməyi planlaşdırırlar. Bu barədə mənbələrə istinadən “Bloomberg” agentliyi məlumat yayıb.
Bir gün əvvəl Oman xarici işlər naziri Bədr əl-Busaidi ABŞ və İran arasında nüvə sazişi ilə bağlı yeni danışıqlar raundunun fevralın 26-da Cenevrədə keçiriləcəyini bildirib. Oman danışıqlarda vasitəçi kimi çıxış edir.
Həmin gün “Axios” amerikalı rəsmiyə istinadən yazıb ki, İran hökuməti 48 saat ərzində ABŞ-yə nüvə sazişi ilə bağlı ətraflı təklif təqdim edərsə, üçüncü raund keçiriləcək. “Reuters” isə mənbələrə istinadla qeyd edib ki, prezident Donald Trampın sərt ritorikasına baxmayaraq, Ağ evdə İranla hərbi əməliyyatlara başlamaq ideyasına vahid dəstək hələ formalaşmayıb.
ABŞ prezidenti dəfələrlə bəyan edib ki, İran hakimiyyəti nüvə sazişinə razılaşmasa, ölkəyə zərbə endiriləcək. İki ölkənin nümayəndə heyətləri arasında əvvəlki görüş fevralın 17-də Oman vasitəçiliyi ilə baş tutub. Donald Tramp İrana razılaşma əldə etmək üçün 10–15 gün vaxt verib.





