Ukrayna 3 oktyabrda Xarkov və Poltava vilayətlərindəki enerji infrastrukturuna edilən zərbələrdən sonra qaz hasilat imkanlarının 60%-dən çoxunu itirib. Bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən məlumat verib.
Agentliyin məlumatına görə, əgər enerji infrastrukturu obyektlərinə hücumlar davam edərsə, Kiyev 2026-cı ilin mart ayının sonuna qədər təxminən 4,4 milyard kubmetr qaz idxal etməli olacaq. Bu həcm ölkənin illik enerji istehlakının 20%-nə bərabərdir.
“Bloomberg” qeyd edir ki, bu il Ukrayna artıq xarici təchizatçılardan təxminən 4,6 milyard kubmetr qaz alıb. Kiyevin hesablamalarına görə, ölkə ilin sonuna qədər 5,8 milyard kubmetr qaza ehtiyac duyacaq, lakin bu göstərici bir sıra amillərdən — xüsusən də enerji infrastrukturu obyektlərinin nə qədər tez bərpa olunacağından — asılı olaraq arta bilər.
3 oktyabr gecəsi Rusiya Ukraynanın müdafiə-sənaye kompleksi müəssisələrinə və onların fəaliyyətini təmin edən qaz-enerji infrastruktur obyektlərinə uzaqmənzilli yüksək dəqiqlikli silahlar və pilotsuz uçuş aparatları ilə genişmiqyaslı zərbələr endirib.
“Naftogaz” şirkəti bəyan edib ki, onun Poltava və Xarkov vilayətlərindəki qaz hasilatı infrastrukturu obyektlərinin əhəmiyyətli hissəsi 3 oktyabr gecəsi zərər görüb. Şirkətin açıqlamasına görə, bəzi zədələr kritik xarakter daşıyır. “Naftogaz”ın qiymətləndirməsinə əsasən, bu, fevral 2022-dən bəri qaz infrastrukturuna edilən ən güclü hücumlar olub.