“Bloomberg”in sorğu keçirdiyi birja analitikləri hesab edirlər ki, 2026-cı ildə investorlar süni intellekt texnologiyaları ilə əlaqəli şirkətlərin səhmlərinə marağı azalda bilərlər. Bu, texnologiyaların hazırlanmasına çəkilən böyük xərclərlə, onların tətbiq sahələrinin məhdud olması ilə, eləcə də istehlakçıların son nəticədə bu xidmətlər üçün ödəniş edib-etməyəcəyi ilə bağlı şübhələrlə əlaqədardır.
Agentlik qeyd edir ki, S&P 500 indeksinin üçillik artım dövrü “əsasən dünyanın ən böyük texnologiya şirkətləri” və süni intellekt infrastrukturuna yatırımlardan faydalanan firmalar hesabına baş verib. Onların səhmlərinin artımı dayanarsa, fond indeksləri də bu tendensiyanı izləyəcək. Texnologiya şirkətlərinin üstünlük təşkil etdiyi Nasdaq 100 indeksi hazırda proqnozlaşdırılan mənfəətdən 26 dəfə yüksək qiymətləndirilir.
“Bloomberg Intelligence”in proqnozlarına görə, “Apple Inc.”, “Nvidia” və “Tesla Inc.”in də daxil olduğu yeddi aparıcı texnologiya nəhənginin mənfəət artımı 2026-cı ildə 18% təşkil edəcək ki, bu da son dörd ilin ən aşağı göstəricisidir. Amortizasiya xərclərinin kəskin artımı ilə birlikdə bu amil səhmlərin geri alınması proqramlarına və dividend ödənişlərinə təzyiq göstərə bilər. “Bloomberg Intelligence”in məlumatına görə, 2026-cı ildə “Meta” və “Microsoft”un sərbəst pul axınının mənfi olacağı, “Alphabet”in isə “təxminən zərərsiz nöqtəyə çıxacağı” gözlənilir.
“Bloomberg” xatırladır ki, iri texnologiya şirkətlərinin dəyəri əvvəllər “aşağı xərclərlə sürətli gəlir artımı təmin etmək qabiliyyətinə” əsaslanırdı. Lakin onların süni intellekt sahəsindəki planları “bu vəziyyəti tamamilə alt-üst edib” və bu da investorları çətin vəziyyətə salır.







