Bloomberg: Yük gəmiləri Hörmüz boğazından transponderlərini söndürərək keçir

ABŞ və İran arasında son gərginlik fonunda yük gəmiləri Hörmüz boğazından keçərkən transponderlərini söndürərək öz mövqeləri barədə siqnal ötürmür. Bu barədə Bloomberg agentliyi Kpler analitik şirkətinin məlumatlarına istinadən xəbər yayıb.

Analitiklərin məlumatına görə, 12 iyul tarixində boğazdan açıq şəkildə, yəni transponderləri aktiv vəziyyətdə keçən heç bir gəmi olmayıb. Bunun əvəzində altı ticarət gəmisi Hörmüz boğazını transponderləri söndürülmüş vəziyyətdə keçib.

Mütəxəssislərin fikrincə, gəmi sahibləri ABŞ və İran arasında gərginliyin yenidən artması, eləcə də marşrutlara kimin nəzarət etdiyi və onların təhlükəsizliyini kimin təmin etdiyi ilə bağlı qeyri-müəyyənlik səbəbindən bu üsula əl atırlar.

Məlumata görə, ABŞ tərəfindən müəyyən edilmiş cənub dəhlizi ilə gəmilər sonuncu dəfə ötən çərşənbə günü açıq şəkildə hərəkət ediblər. İranın müəyyən etdiyi şimal marşrutu ilə isə bir neçə gəmi şənbə günü keçib.

ABŞ və İsrail 28 fevralda İrana qarşı hərbi əməliyyatlara başlayıblar. Hava zərbələri nəticəsində İranın ali lideri Əli Xamenei də daxil olmaqla bir sıra şəxslər həlak olub.

İyunda Vaşinqton və Tehran bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıblar. Daha sonra İsveçrənin Bürgenştok şəhərində Qətər və Pakistanın vasitəçiliyi ilə memorandumun icrası üzrə ABŞ və İran arasında danışıqlar keçirilib. Birgə bəyanatda ilk raundun müsbət və konstruktiv atmosferdə keçdiyi, gələcək texniki məsləhətləşmələr üçün əsas yaradıldığı bildirilib.

Lakin 8 iyul gecəsi ABŞ Hörmüz boğazı ilə bağlı əldə olunmuş razılaşmaların İran tərəfindən pozulduğunu bəyan edərək ölkəyə qarşı genişmiqyaslı zərbələri yenidən bərpa edib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər