İqlim böhranı temperatur və hava modellərində uzunmüddətli dəyişikliklərə bağlıdır. Günəş aktivliyində dəyişikliklər və ya böyük vulkan püskürmələri səbəbindən müəyyən kataklizmlər təbii ola bilər. Amma 1800-cü illərdən bəri insan fəaliyyəti, ilk növbədə, kömür, neft və qaz kimi qazıntı yanacaqlarının yandırılması səbəbindən iqlim dəyişikliyi daha dramatik hal alıb.
Bu fikirlər BMT-nin rəsmi saytında dərc edilən son hesabatda yer alıb. Təşkilat qeyd edib ki, qazıntı yanacaqlarının yandırılması günəş istiliyini saxlayır və temperaturu yüksəldən, Yerin ətrafına bükülmüş yorğan kimi fəaliyyət göstərən istixana qazı emissiyaları yaradır.
BMT elmi tədqiqatlara müraciət edərək vurğulayıb: “Yerin atmosferində emissiya olunan qazların konsentrasiyası planetimizdə orta qlobal temperaturla birbaşa bağlıdır. Sənaye inqilabı dövründən bəri konsentrasiya davamlı olaraq yüksəlir və bununla yanaşı qlobal temperaturlar da artır. İstixana qazlarının təxminən üçdə ikisini təşkil edən ən çox yayılmış karbon dioksid (CO2) əsasən, qazıntı yanacaqlarının məhsuludur”.
BMT-nin Ətraf Mühit Proqramı tərəfindən hazırlanan yeni Emissiya Qazları Hesabatı 2015-ci ildə Paris Sazişinin imzalanmasından bəri irəliləyişin olduğunu müəyyən edir. Mövcud siyasətlərə əsasən, 2030-cu ildə istixana qazı emissiyalarına dair Sazişin imzalandığı dövrdə onların 16 faiz artacağı proqnozlaşdırılırdı. Bu gün proqnozlaşdırılan artım 3 faizdir. Bununla belə, 2030-cu ilə qədər proqnozlaşdırılan istixana qazı emissiyaları Paris Sazişinin 2 dərəcə Selsi temperatur həddi yolu üçün hələ də 28 faiz, 1,5 dərəcə Selsi hədəfi üçün isə 42 faiz azalmalıdır.
Alimlər bildirirlər ki, sənayedən əvvəlki səviyyədən 1,1 dərəcə Selsidən yuxarı olan qlobal istiləşməyə bir əsrdən çox müddətdə qazıntı yanacaqlarının yandırılması, habelə enerji və torpaqdan qeyri-bərabər, qeyri-davamlı istifadə səbəb olub. Bu, bütün dünyada təbiətə və insanlara təhlükəli təsirlərə səbəb olan ekstremal hava hadisələrinin tezliyinin və intensivliyinin artması ilə nəticələnib.
Hesabatda qeyd olunur ki, istiləşmənin artımı insan sağlamlığı və ekosistemlər üçün riskləri artıran daha intensiv istilik dalğaları, güclü yağışlar və digər ekstremal hava şəraiti kimi sürətlə artan təhlükələrlə nəticələnir. Bu, həmçinin iqlimlə bağlı qida və su ehtiyatlarının azalmasına səbəb olur. Göstərilən risklər pandemiya və ya münaqişələr kimi digər mənfi hadisələrlə birləşdikdə, bəşəriyyət üçün onları idarə etmək daha da çətinləşir.
BMT vurğulayır ki, mövcud uyğunlaşma ilə zəruri ehtiyaclar arasındakı boşluğu aradan qaldırmaq üçün bu onillikdə iqlim dəyişikliyinə adaptasiya üzrə sürətləndirilmiş fəaliyyət vacibdir. İstiləşməni sənayedən əvvəlki səviyyədən 1,5 dərəcə Selsi səviyyəsində saxlamaq üçün bütün sektorlarda istixana qazı emissiyalarının dərin, sürətli və davamlı azaldılması tələb olunur. 2030-cu ilə qədər istixana qazlarının atmosferə emissiyaları demək olar ki, yarıya qədər azaldılmalıdır.