Almaniyanın avtomobil konserni BMW idarəetmə vəzifələrinin 20 faizini ixtisar edərək həmin işləri süni intellektə həvalə edəcək. Bu barədə “Bloomberg” məlumat yayıb.
Bu addım BMW-nin xərclərin optimallaşdırılması və gəlirliliyin artırılması proqramının bir hissəsi olacaq. Şirkət süni intellektin tətbiqinin idarəetmə strukturunu optimallaşdırmağa kömək edəcəyini gözləyir. BMW ixtisar prosesini 2027-ci ilin ortalarınadək başa çatdırmağı planlaşdırır.
Nəşrin mənbələrinin bildirdiyinə görə, ixtisarlara Çində satışların azalması və Yaxın Şərqdəki münaqişənin nəticələri səbəb olub.
BMW hələ iyul ayında Almaniyadakı ofis vəzifələrinin ixtisarı ilə bağlı razılığa gəlib. Plana əsasən, təxminən 8 min əməkdaş işdən çıxarılacaq. Bu, şirkətin dünya üzrə ümumi işçi sayının təxminən 5 faizinə bərabərdir.







