21 C
Baku
Friday, July 1, 2022

“Böhrandan ən çox zərər görən tikinti sektorudur”

Azərbaycanda böhrandan daha çox zərər görən tikinti sektorudur”.

Bunu Bakıda keçirilən Azərbaycanda İnvestisiyalara dair Beynəlxalq Forumda jurnalistlərə açıqlamasında iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

“Azərbaycan enerji resursları ilə zəngin ölkədir. Dünyada baş verən böhran ölkəmizə də mənfi təsir göstərib. Hazırda Milli Məclisdə büdcə müzakirələri aparılır. Azərbaycan hökuməti iqtisadiyyatın inkişafı üçün islahatlar paketi hazırlayıb. Ölkəyə daha çox investisiyanın cəlb edilməsi istiqamətində ciddi tədbirlər görülür. Eyni zamanda, özəl sektorun inkişafı istiqamətində yaradılan Xəzər Beynəlxalq İnvestisiya Şirkətinin istifadə edilməmiş kapitalı var. Bununla belə, İCD ilə yeni həyata keçirilən layihələrimiz var”, – deyə nazir qeyd edib.

 

Ş.Mustafayevin sözlərinə görə, İslam İnkişaf Bankı (IDB) və Özəl Sektorun İnkişafı üzrə İslam Koorparasiyasi (ICD) Azərbaycanda bir sıra yeni layihələrdə iştirak edir, maliyyə dəstəyi göstərir: “İnvestorların Azərbaycana marağı çoxdur. Ümid edirik ki, bu tədbirlər nəticəsində Azərbaycana maraq daha da artacaq, xarici investorlar Azerbaycana sərmayə qoymaqda daha da maraqlı olacaqlar. Bugünkü tədbirə təkcə İslam ölkələrindən deyil, eyni zamanda Avropa ölkələri – İtalya, Almaniyadan qatılan investorlar da var. Ölkəyə investisiya qoymaq istəyənlərin sayı günü-gündən çoxalır”.

Nazir qeyd edib ki, hazırda İqtisadiyyat Nazirliyi qeyri-neft sektorunda sahələrin təşviqi prosesini aparır: “İlk növbədə kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, əczaçılıq, kimya sənayesi sahəsində mərhələlərlə istehsalın qurulması və inkişafı prosesi gedir. Yerli sahibkarların qarşılaşdığı problemlərdən birincisi maliyyə çatışmazlığı ilə bağlıdır. Bu səbəbdən də Azərbaycan şirkətləri öz layihələrinə tərəfdaş qismində xarici investorları cəlb etməyə çalışmalıdır. Bu baxımdan xarici tərəfdaşlar vasitəsilə uğurlu layihələrin həyata keçirilməsi ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb edir”.

Modern.az

Son xəbərlər
Oxşar xəbərlər