Böhran bizə nə öyrətdi?
Böhranın üstündən bir il keçməsinə baxmayaraq hələ də ondan çıxaracağımız dərsləri öyrənməklə məşğuluq.
Bəzilərini belə sıralayaq:
Birincisi, cəmiyyət iqtisadiyyat və maliyyə baxımından savadlı olmalı, investisiyalarının riski haqda müəyyən məlumata sahib olmalıdır. Əhalinin iqtisadi cəhətdən maarriflənməsi cəmiyyətin iqtisadi inkişafı üçün vacibdir. Burada həm elmi, həm də peşəkar qurumlara məsuliyyət düşür. Paralel olaraq, əhalinin maliyyə bazarlarına çıxışını təmin edən qurum və peşəkarların peşə etikası anlayışına uyğunluğu daim nəzarətdə olmalıdır. Onların investorları aldatması hallarının qarşısı vaxtında alınmalıdır.
İkincisi, böhran onu göstərdi ki, az gəlirlilərin problemi təkcə onların deyil, həm də zənginlərin, eləcə də bütün ölkənin probleminə çevrilə bilər. İqtisadi siyasəti qurarkən az gəlirlilərin alıcılıq qabilyyətini yüksəltmək, onları işlə təmin etmək əsas məsələlərdən biri olmalıdır.
Üçüncüsü, dövlətin bazara müdaxiləsi bazardakı iştirakçıları riskli investisiya etməyə sövq etməməlidir. Az gəlirlilərin ipoteka bazarında likvidliyi yaratmaq məqsədilə ipoteka qurumlarını bu bazarlara yatırım etməyə məcbur etməyin gələcəkdə problem yaradacağını nəzərə almaq lazım idi. Seçicilərin səsini toplayacaq populist iqtisadi qərarlar verərkən iqtisadçı və maliyyəçi alimlərin təkliflərini nəzərə almaq lazımdır.
Dördüncüsü, maliyyə bazarlarına nəzarət edən dövlət qurumlarının işində effektivliyi artırmaq lazımdır. Bazarda alqı-satqı ilə bağlı qaydaların köhnəlməsinə və investisiya şirkətləri tərəfindən sui-istifadə edilməsinə icazə verilməməlidir. Bu istiqamətdə, reytinq qurumlarının şirkətlərin qiymətli kağızlarını qiymətləndirərkən onlarla “pərdə arxası” əlaqələrini minimuma endirmək lazımdır. Böhran göstərdi ki, yüksək riskli kağızları ən yüksək reytinqli maliyyə alətinə çevirmək onlar üçün çətin deyil.
Beşincisi, maliyyə elmi mürəkkəb qiymətli kağızların riskini və qiymətini hesablama metodunu yenidən gözdən keçirməlidir. Pula həris iri maliyyə qurumları riskin transfer edilə bilməsindən sui-istifadə edərək bazarı yüksək riskli varlıqlarla şişirtmişdir. Riskli varlığı digər investora sataraq onu transfer edən qurumu riski paylaşmağa məcbur etmək lazımdır.
Nəhayət, altıncısı, maliyyə qurumlarına onların iflasının mümkün olduğunu həmişə xatırlatmaq lazımdır. Dövlətin onları xilas edəcəyi inamını yaratmaq həmin qurumların yüksək risklə fəaliyyət göstərməsinə gətirib çıxardır.