26 avqust, 2021-ci il tarixində Bakı Fond Birjasında BOKT “Embafinans” QSC-nin tədavül müddəti 3 təqvim ili, nominal dəyəri 1 000 manat olan (AZ2008020607 dövlət qeydiyyat nömrəli) 4 000 000 manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
Bu barədə Banker.az-a BFB-dan bildiriblər.
Hərrac zamanı 7 investor tərəfindən 1 000 qiyməti ilə 7 sifariş təqdim edilmişdir. İstiqrazın illik faiz dərəcəsi 10% , faiz ödəniş dövrü isə 1 təqvim ili təşkil edir.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 4 162 000 manat təşkil etmişdir.
İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 4 000 000 manat təşkil etmişdir.
“Embafinans” 2020-ci il ərzində kredit portfelini 7 milyon 580 min, yaxud 22% azaldaraq 27 milyon 409 min manata qədər azaldıb. Kredit təşkilatının aktivlərinin digər hissəsi əmlak və avadanlıqların həcmi də son bir il ərzində kiçilib. Bu aktivlərin həcmi 5 milyon 27 min manatdan 4 milyon 727 min manata qədər azalmışdır.
Beləliklə, aktivlər son bir ildə 18% azalmaqla 34 milyon 428 min manata qədər azalmışdır.
Kredit təşkilatı 1 yanvar 2021-ci il tarixinə 12 milyon 448 min manat banklara, 1 milyon 506 min manata qədər isə qiymətli kağızlar üzrə borcu vardır.
Cəmi öhdəliklərinin həcmi isə 18 milyon 666 min manat olub.
Səhmdar cəmiyyətin illərin bölüşdürülməmiş mənfəəti 5 763 min manat olub.
Cari ilin mayında da “Embafinans” kapital bazarında 1.5 mln. manat faizli borc cəlb etmişdi.
Xatırladaq ki, “EmbaFinans” 10 milyon manat səhm kapitalına sahibdir. Səhmlərinin 51%-i Elşad Abbasova, 35%-i Məşhur Məmmədova (Milli Məclisin deputatı), 14%-i isə Tamara Polyakovaya məxsusdur.