19.5 C
Baku
Tuesday, May 13, 2025

BOKT “International” 2025-ci ilin ilk rübündə 1.6 mln. manat xalis mənfəət əldə edib

Bank Olmayan Kredit Təşkilatı “International” ASC 2025-ci ilin ilk rübündə 1.56 milyon manat xalis mənfəət əldə edib.

Banker.az xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 20%-ə yaxın artım deməkdir. 2024-cü ilin ilk rübündə BOKT-un xalis mənfəəti 1.30 milyon manat təşkil etmişdi.

BOKT-nin faiz gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 29.6% artaraq 4.55 milyon manata yüksəlib. Eyni zamanda faiz xərcləri 1.15 milyon manat olub ki, bu da illik müqayisədə 41% artım deməkdir. Nəticədə xalis faiz gəliri 2.99 milyon manat təşkil edib.

Haqq və komissiya gəlirləri də müsbət dinamika nümayiş etdirib. 2025-ci ilin ilk üç ayında bu gəlirlər 923.9 min manat, xalis qeyri-faiz gəliri isə 883.5 min manat olub.

Əmək haqqı və digər insan resursları üzrə xərclər 1.37 milyon manata, inzibati və əməliyyat xərcləri isə 935 min manata yüksəlib.

Hesabata əsasən, təşkilatın cəmi aktivləri 49.7 milyon manata çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 49%-lik artım deməkdir.

Müştərilərə verilmiş kreditlər və avanslar 41.85 milyon manat olmaqla 2024-cü ilin ilk rübü ilə müqayisədə 38%-dən çox artım göstərir. Ötən ilin analoji dövründə 30.22 milyon manat idi.

Öhdəliklər də əhəmiyyətli şəkildə yüksəlib. Cəmi öhdəliklər bir il ərzində 52%-dən çox artaraq 34.9 milyon manata çatıb. Buraya borc alınmış vəsaitlər (18.7 milyon manat) və buraxılmış borc qiymətli kağızları (14.02 milyon manat) daxildir.

Təşkilatın nizamnamə kapitalı isə 8 milyon manatdan 10 milyon manata yüksəlib. Bölüşdürülməmiş mənfəət isə 4.81 milyon manat olub.

Son xəbərlər
Digər xəbərlər