Azərbaycanda bank olmayan kredit təşkilatlarının xarici mənbələrdən maliyyələşmə imkanları məhduddur.
Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bank tərəfindən “Mikromaliyyə Modeli üzrə Strateji Çərçivə” sənədi açıqlanıb.
Belə ki, qeyri-rezidentlərdən cəlb edilmiş vəsaitlərin cəmi öhdəliklərə nisbəti 2024-cü ilin sonuna 27.5% olub. Qeyri-rezidentlərdən cəlb edilmiş vəsaitlər əsasən xarici valyutadadır. Belə ki, 2024-cü ilin sonuna qeyri-rezidentlərdən cəlb edilmiş vəsaitlərin 42.2%-i xarici valyutada olub.
Milli valyutada cəlb edilmiş bank kreditləri üzrə orta çəkili faiz dərəcəsi 11.5%, habelə qiymətli kağızlar üzrə analoji göstərici rezident və qeyri- rezidentlər üzrə müvafiq olaraq 15% və 13% olmuşdur ki, bu da bankların maliyyələşmə xərclərinə nəzərən daha yüksəkdir.
O da bildirilir ki, törəmə maliyyə alətləri bazarının zəif inkişafı xarici valyutada cəlb edilmiş vəsaitlərin hedcinq imkanlarını məhdudlaşdırır ki, bu da öz növbəsində xarici mənbələrdən əlavə resursların cəlb edilməsinə mane olur və sektorun inkişafını ləngidir.
Habelə, cəlb edilmiş vəsaitlərin hedcinq edilə bilməməsi makroiqtisadi şoklar zamanı sektorun dayanıqlığına mənfi təsir edir və bərpası prosesi uzun müddət çəkir. Beynəlxalq təcrübədə belə hallarda mərkəzi banklar tərəfindən hedcinq mexanizminin yaradılması hallarına rast gəlinir.