Azərbaycan Mərkəzi Bankı bank olmayan kredit təşkilatlarının fəaliyyətinin prudensial tənzimlənməsi Qaydasını təsdiq edib.
Banker.az xəbər verir ki, sənədi Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov 15 noyabr 2024-cü il tarixdə imzalayıb.
Bu Qayda BOKT fəaliyyətinə dair prudensial normativləri və tələbləri müəyyən edir.
TAM SƏNƏD:
“Təsdiq edilmişdir” Azərbaycan Respublikasının Mərkəzi Bankı
Qərar № 46/1 15 noyabr 2024-cü il |
Bank olmayan kredit təşkilatlarının fəaliyyətinin prudensial tənzimlənməsi Qaydası
- Ümumi müddəalar
1.1. Bu Qayda “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 7.2-ci və 19-cu maddələrinə uyğun olaraq hazırlanmışdır və bank olmayan kredit təşkilatlarının (bundan sonra – BOKT) fəaliyyətinə dair prudensial normativləri və tələbləri müəyyən edir.
1.2. BOKT-lər tərəfindən kredit risklərinin idarə edilməsi ilə bağlı münasibətlər Azərbaycan Respublikası Mərkəzi Bankının (bundan sonra – Mərkəzi Bank) İdarə Heyətinin 2024-cü il 15 noyabr tarixli 46/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydası” ilə tənzimlənir.
- Anlayışlar
2.1. Bu Qaydada istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1. aktivlər – BOKT tərəfindən verilən kreditlər, geri qaytarılmaq şərti ilə yerləşdirilmiş digər aktivlər, qabaqcadan ödənilmiş vəsait, BOKT-nin fəaliyyətində istifadə olunmayan aktivlər, hüquqi şəxslərin kapitalında iştirak payına vəsait qoyuluşları və balansdankənar öhdəliklər;
2.1.2. borcalan – kredit tələbi üzrə BOKT qarşısında pul öhdəliyi olan fiziki və ya hüquqi şəxs;
2.1.3. xüsusi ehtiyatlar – aktivlər üzrə gözlənilən zərərin ödənilməsi məqsədi ilə xərc hesabına ayrılan vəsaitlər;
2.1.4. təminat – borcalan və ya üçüncü şəxs tərəfindən öhdəliklərin icrasının təmin edilməsi məqsədilə girov, ipoteka, qarantiya, zaminlik və Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulan digər təminat növləri kimi yerləşdirilmiş aktiv;
2.1.5. tam təminatlı aktiv – bazar dəyəri (pul vəsaitləri, qarantiya və zaminliyə münasibətdə nominal dəyəri) təmin etdiyi öhdəliyin ödənilməmiş məbləğinə bərabər və ya ondan artıq olan təminatla təmin edilmiş aktiv;
2.1.6. qismən təminatlı aktiv – bazar dəyəri (pul vəsaitləri, qarantiya və zaminliyə münasibətdə nominal dəyəri) təmin etdiyi öhdəliyin ödənilməmiş məbləğindən az olan təminatla təmin edilmiş aktiv;
2.1.7. təminatsız aktiv – təminatı olmayan və ya təminatının bazar dəyəri (nominal dəyəri) olmayan aktiv;
2.1.8. qalıq məbləğ – kreditin əsas borc üzrə ödənilməmiş hissəsi, kredit olmayan aktivin balans dəyəri;
2.1.9. ümumi məbləğ – aktivin qalıq məbləği və həmin qalıq üzrə hesablanmış faizlər, komisyon haqları, dəbbə pulu və digər ödənilməmiş məbləğlərin cəmi;
2.1.10. kredit tələbi – istənilən formada pul öhdəliklərinin icrası ilə bağlı BOKT-nin tələb hüquqları, habelə pul vəsaitinin verilməsi haqqında götürülmüş hər hansı öhdəlik, qarantiya, borc qiymətli kağızlarının satın alınması və müqaviləyə əsasən hər hansı formada verilmiş vəsaitin qaytarılmasını tələb etməklə bağlı digər hüquq. Hesablamalarda kredit tələbi üzrə əsas borc nəzərə alınır;
2.1.11. balansdankənar öhdəliklər – qarantiyalar, zaminlik və oxşar şərti öhdəliklər, kredit alətləri (kredit xətləri üzrə öhdəliklərin icra olunmamış hissəsi və oxşar kredit öhdəlikləri).
2.2. Bu Qaydada istifadə olunan “istehlak krediti”, “gündəlik (qısamüddətli) kredit”, “biznes krediti”, “kənd təsərrüfatı krediti”, “daşınmaz əmlak krediti” və “restrukturizasiya” anlayışları “Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydası”nda, “birgə borcalanlar qrupu”, “kapital” və digər anlayışlar isə Qanunda müəyyən edilən mənaları ifadə edir.
- Prudensial normativlər və tələblər
3.1. BOKT-lərin fəaliyyətinə dair aşağıdakı prudensial normativlər və tələblər müəyyən edilir:
3.1.1. nizamnamə (şərikli) kapitalının (əmlak haqlarının) minimum miqdarı;
3.1.2. kapitalın minimum miqdarı və hesablanmasına dair tələblər;
3.1.3. bir borcalana və birgə borcalanlar qrupuna verilən kreditin maksimum miqdarı;
3.1.4. aidiyyəti şəxslərə verilən kreditlərin maksimum məbləği və həmin şəxslərlə aparılan əməliyyatlara dair tələblər;
3.1.5. BOKT-nin öhdəliklərinin onun kapitalına nisbəti;
3.1.6. aktivlərin, balansdankənar öhdəliklərin təsnifatından və qiymətləndirilməsindən asılı olaraq mümkün zərərin ödənilməsi üçün xərclər hesabına yaradılan xüsusi ehtiyatlara dair tələblər.
- Nizamnamə (şərikli) kapitalının (əmlak haqları) minimum miqdarı
4.1. Hər bir BOKT təşkilati-hüquqi formasına uyğun olaraq nizamnamə (şərikli) kapitalına (əmlak haqlarına) malik olmalı və fəaliyyəti dövründə onun bu Qaydanın 4.3-cü bəndində müəyyən edilmiş minimum məbləğdən aşağı səviyyədə olmasına yol verməməlidir.
4.2. BOKT-nin minimum nizamnamə (şərikli) kapitalı, habelə qeyri-kommersiya hüquqi şəxs kimi yaradılan BOKT-nin təsisçilərinin əmlak haqları Qanunun 7.1-ci maddəsinə uyğun olaraq pul şəklində ödənilməli və yalnız manatla formalaşdırılmalıdır.
4.3. BOKT-lərin nizamnamə (şərikli) kapitalının (əmlak haqlarının) minimum miqdarı aşağıdakı həcmdə müəyyən edilir:
4.3.1. kommersiya hüquqi şəxsi formasında yaradılan BOKT üçün – 1 (bir) milyon manat;
4.3.2. qeyri-kommersiya hüquqi şəxsi formasında yaradılan BOKT üçün – 100 (bir yüz) min manat.
- Kapitalın minimum miqdarı və onun hesablanması
5.1. BOKT-nin kapitalının əsas məqsədi kommersiya strategiyasının dəstəklənməsi, daxili və xarici mühitdə baş verən əlverişsiz dəyişikliklər zamanı BOKT-nin maliyyə dayanıqlığının təmin edilməsidir. Kapital BOKT-nin ödəmə qabiliyyətinin itirilməsinə gətirib çıxara bilən mümkün zərərlərin azaldılmasına, potensial investorların BOKT-lərin fəaliyyətinə etimadının artırılmasına xidmət edir.
5.2. BOKT-nin kapitalının minimum miqdarı aşağıdakı həcmdə müəyyən edilir:
5.2.1. kommersiya hüquqi şəxsi formasında yaradılan BOKT üçün – 1 (bir) milyon manat;
5.2.2. qeyri-kommersiya hüquqi şəxsi formasında yaradılan BOKT üçün – 100 (bir yüz) min manat.
5.3. Kapitalın strukturu Qanunun 1.0.7-ci maddəsinə uyğun olaraq müəyyən edilir. Kapitala yalnız pul vəsaiti ilə ödənilən maliyyə alətləri daxil edilir.
5.4. Aşağıdakılar kapitalın hesablanması zamanı kapitaldan çıxılır:
5.4.1. qeyri-maddi aktivlərin xalis dəyəri (amortizasiya nəzərə alınmaqla);
5.4.2. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları ilə müəyyən olunmuş təxirə salınmış vergi aktivlərinin məbləği;
5.4.3. BOKT-nin törəmə cəmiyyətləri, habelə digər hüquqi şəxslərin kapitalına vəsait qoyuluşları.
5.5. Kapitalın hesablanması zamanı qənaətbəxş aktivlər üzrə yaradılan ehtiyatlar kapitaldan çıxılmır.
- Bir borcalana və birgə borcalanlar qrupuna verilən kreditin maksimum miqdarı
Bir borcalan və birgə borcalanlar qrupu üzrə kredit tələbinin maksimum miqdarı BOKT-nin kapitalının 30 (otuz) faizindən çox olmamalıdır.
- Aidiyyəti şəxslərə verilən kreditlərin maksimum məbləği və həmin şəxslərlə aparılan əməliyyatlara dair tələblər
7.1. Aidiyyəti şəxslər üzrə kredit tələblərinin məcmu miqdarı aşağıdakı hədlərdən artıq olmamalıdır (BOKT-nin daxili qaydalarında daha aşağı həddin müəyyən edildiyi hallar istisna olmaqla):
7.1.1. bir fiziki şəxs üzrə – BOKT-nin kapitalının 5 (beş) faizindən;
7.1.2. bir hüquqi şəxs üzrə – BOKT-nin kapitalının 10 (on) faizindən;
7.1.3. bütün aidiyyəti olan şəxslər üzrə – BOKT-nin kapitalının 20 (iyirmi) faizindən.
7.2. Aidiyyəti şəxslərə digər müştərilərdən fərqli olaraq güzəştli kreditlərin verilməsi və ya güzəştli şərtlərlə digər əməliyyatların aparılması qadağandır.
7.3. Məbləği BOKT-nin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən aidiyyəti şəxs krediti müstəqil auditorun rəyi və səsvermədə iştirak etmək hüququ olan səhmdarların (payçıların) ümumi yığıncağının, qeyri-kommersiya hüquqi şəxsi formasında yaradılan BOKT-nin Himayəçilik Şurasının qərarı əsasında verilir. Məbləği BOKT-nin aktivlərinin 5 (beş) faizədək hissəsini təşkil edən aidiyyəti şəxs krediti isə bu Qaydanın 7.4-cü bəndinin tələbləri nəzərə alınmaqla, qərarın qəbul edilməsi səlahiyyətinin səhmdarların (payçıların) ümumi yığıncağına və ya Himayəçilik Şurasına həvalə edildiyi hallar istisna olmaqla, qeyri-kommersiya hüquqi şəxsi formasında yaradılmış BOKT-nin icra orqanı, kommersiya hüquqi şəxsi formasında yaradılmış BOKT-nin Müşahidə Şurasının və ya icra orqanının qərarı əsasında verilir.
7.4. BOKT-nin icra orqanı tərəfindən bütün aidiyyəti şəxslərə verilmiş kredit tələblərinin məcmu miqdarı BOKT-nin aktivlərinin 1 (bir) faizindən artıq olmamalıdır.
7.5. BOKT-nin icra orqanının üzvlərinə (təkbaşçı rəhbərə) kreditlər yalnız Müşahidə Şurasının (Himayəçilik Şurası) və ya səhmdarların (payçıların) ümumi yığıncağının qərarı əsasında verilə bilər.
7.6. BOKT-nin Müşahidə Şurasının (Himayəçilik Şurasının) və icra orqanının üzvləri (təkbaşçı rəhbər) özünə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1.1.3-cü maddəsində nəzərdə tutulan qohumluq əlaqələri olan şəxslərə, habelə özünün mühüm iştirak payına malik olduğu hüquqi şəxslərə kredit verilməsi ilə bağlı müzakirədə və qərarların qəbul edilməsində iştirak etməməlidir.
- BOKT-nin öhdəliklərinin onun kapitalına nisbəti
8.1. BOKT-nin bütün öhdəliklərinin cəmi bu Qaydanın 5-ci hissəsində müəyyən edilmiş qaydada hesablanmış kapitalının 10 (on) mislindən çox olmamalıdır. BOKT-nin kredit portfelinin 25-50%-ni təşkil edən kreditlərin faktiki illik faiz dərəcələri BOKT sektorunda milli valyutada istehlak kreditlərinin (gündəlik kreditlər istisna olmaqla) orta faiz dərəcəsinin 1.25 mislindən çox olduğu halda BOKT-nin bütün öhdəliklərinin cəmi bu Qaydanın 5-ci hissəsində müəyyən edilmiş qaydada hesablanmış BOKT-nin kapitalının 3 (üç) mislindən çox olmamalıdır. BOKT-nin kredit portfelinin 50%-dən çox olan hissəsini təşkil edən kreditlərin faktiki illik faiz dərəcələri BOKT sektorunda milli valyutada istehlak kreditlərinin (gündəlik kreditlər istisna olmaqla) orta faiz dərəcəsinin 1.25 mislindən çox olduğu halda BOKT-nin bütün öhdəliklərinin cəmi bu Qaydanın 5-ci hissəsində müəyyən edilmiş qaydada hesablanmış BOKT-nin kapitalının 1 (bir) mislindən çox olmamalıdır.
8.2. Bu Qaydanın 8.1-ci bəndində göstərilən BOKT sektorunun milli valyutada istehlak kreditlərinin (gündəlik kreditlər istisna olmaqla) orta faiz dərəcəsi bu Qaydaya 1 nömrəli Əlavədə müəyyən edilmiş qaydada Mərkəzi Bank tərəfindən rüblük əsasda hesablanır və hər rübdən sonrakı ayın 30-na kimi Mərkəzi Bankın rəsmi internet səhifəsində açıqlanır. Milli valyutada istehlak kreditlərinin (gündəlik kreditlər istisna olmaqla) orta faiz dərəcəsi açıqlandığı tarixdən sonrakı 1 (bir) iş günü ərzində BOKT-lərə bu barədə elektron və ya poçt bildirişi ilə məlumat verilir. Milli valyutada istehlak kreditlərinin (gündəlik kreditlər istisna olmaqla) orta faiz dərəcəsi açıqlanana qədər BOKT-lər əvvəlki rübün məlumatlarından istifadə edir.
8.3. BOKT-nin kapitalının azalması nəticəsində bu Qaydanın 8.1-ci bəndində göstərilən tələb pozulduqda öhdəliklərin həcmi artırıla bilməz. Bu halda həmin pozuntu BOKT tərəfindən 3 (üç) ay ərzində aradan qaldırılmalıdır.
- Aktivlərin, balansdankənar öhdəliklərin təsnifatından və qiymətləndirilməsindən asılı olaraq mümkün zərərin ödənilməsi üçün xərclər hesabına yaradılan xüsusi ehtiyatlara dair tələblər
9.1. BOKT öz maliyyə vəziyyətini və əməliyyatlarının nəticələrini aydın və obyektiv təsəvvür etmək üçün bütün aktivləri rübdə ən azı bir dəfə qiymətləndirməli və bu aktivlərin ümumi məbləği üzrə xərclər hesabına müvafiq ehtiyatları milli valyutada yaratmalıdır.
9.2. Qiymətləndirmə zamanı BOKT bütün aktivlərini təhlil edir və onları bu Qaydaya uyğun olaraq müvafiq təsnifat kateqoriyalarına aid edir. BOKT-nin daxili qaydalarında aktivlərin təsnifləşdirilməsinin uçotda əks etdirilməsi, o cümlədən ümidsiz aktivlərin balansdan silinməsi prosedurları müəyyən olunur.
9.3. Aktivlər standart və qeyri-standart aktivlərə bölünür. Standart aktivlərə qənaətbəxş, nəzarət altında olan aktivlər, qeyri-standart aktivlərə isə qeyri-qənaətbəxş, təhlükəli və ümidsiz aktivlər aiddir.
9.4. Aktivlərin gecikmə müddətinə görə təsnifləşdirilməsi:
9.4.1. gecikmə müddətinə görə aktivlərin təsnifat kateqoriyası aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Aktivin növü | Təsnifat kateqoriyası | ||||
Qənaətbəxş | Nəzarət altında olan | Qeyri-qənaətbəxş | Təhlükəli | Ümidsiz | |
Tam təminatlı aktiv | 0-30 gün | 31-90 gün | 91- 240 gün | 241-360 gün | 360 gündən artıq |
Qismən təminatlı və ya təminatsız aktiv | 0-30 gün | 31-90 gün | 91-180 gün | 181-270 gün | 270 gündən artıq |
9.4.2. aktivin gecikmə müddəti (əsas borc və ya faiz borcları və (və ya) müqavilədə göstərilən digər ödənişlər üzrə) müvafiq müqavilədə və ya ödəniş qrafikində əsas borcun və (və ya) faiz borclarının və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi üçün müəyyən edilmiş tarixdən hesablanır.
9.5. Bu Qaydada ayrı hal nəzərdə tutulmadıqda təsnifləşdirmə kateqoriyaları üzrə ehtiyatların dərəcələri aşağıdakı cədvələ əsasən müəyyən edilir:
Təsnifat kateqoriyası | İstehlak kreditləri | Biznes kreditləri | İstehlak və biznes kreditləri istisna olmaqla digər aktivlər, o cümlədən daşınmaz əmlak kreditləri | |||
Milli valyuta | Xarici valyuta | Milli valyuta | Xarici valyuta | Milli valyutada kənd təsərrüfatı kreditləri | ||
Qənaətbəxş aktivlər | 1% | 2% | 1% | 2% | 1% | 1% |
Nəzarət altında olan aktivlər | 5% | 10% | 2% | 3% |
2% |
2% |
Qeyri-qənaətbəxş aktivlər | 25% | 25% | 25% | 25% | 25% | 25% |
Təhlükəli aktivlər | 50% | 50% | 50% | 50% | 50% | 50% |
Ümidsiz aktivlər | 100% | 100% | 100% | 100% | 100% | 100% |
9.6. Gündəlik (qısamüddətli) kreditlər verildiyi anda “nəzarət altında olan aktiv” kimi, 1 (bir) gün gecikmə halında isə “ümidsiz aktiv” kimi təsnifləşdirilir.
9.7. Borcalanın krediti (gündəlik kreditlər istisna olmaqla) bir dəfə restrukturizasiya olunduqda restrukturizasiya anında olan təsnifat kateqoriyasından yuxarı təsnifat kateqoriyasına aid edilə bilməz. Kredit iki dəfə və daha artıq restrukturizasiya olunduqda azı qeyri-qənaətbəxş aktiv kimi, restrukturizasiya anında “qeyri-standart” kateqoriyada olan kreditlər isə mövcud kateqoriyadan bir pillə aşağı kateqoriyada təsnifləşdirilməlidir.
9.8. Balansdankənar öhdəliklərin qiymətləndirilməsi və təsnifləşdirilməsi aşağıdakı qaydada aparılır:
9.8.1. BOKT-lər balansdankənar öhdəliklərini öhdəliyin təminatı, müştərinin maliyyə vəziyyəti və yaranmış riskin xüsusiyyətləri nəzərə alınmaqla fərdi qiymətləndirmə əsasında və bu Qaydanın 9.4-cü bəndində müəyyən olunmuş təsnifat qrupları üzrə təsnifləşdirərək xüsusi ehtiyatlar yaradır;
9.8.2. təsnifləşdirmə balansdankənar öhdəliyin yarandığı tarixdən aparılır;
9.8.3. kredit xəttinin istifadə olunmamış hissəsi həmin balansdankənar öhdəliyin istifadə olunmuş hissəsinin təsnifləşdirmə kateqoriyasına uyğun təsnifləşdirilir (kredit müqaviləsinin şərtlərinə görə BOKT-yə birtərəfli qaydada kredit xəttini tam və ya qismən yerinə yetirməmək hüququ verilən hallar istisna olmaqla).
9.9. Ödənilməmiş borclar müqabilində BOKT-nin balansına götürülmüş əmlaklar, habelə əvvəllər istifadə etdiyi əsas vəsaitlər istifadə olunmadığı andan 2 (iki) ildən artıq balansda saxlanıla bilməz. Müddət başa çatdıqdan sonra həmin əmlaklar balansdan silinir və balansdankənar hesabda uçota alınır.
9.10. Kreditlərin və balansdankənar öhdəliklərin qiymətləndirilməsi zamanı bu Qaydanın 9.10.1-ci və 9.10.2-ci yarımbəndlərində göstərilən hallar müəyyən edildikdə artıq yaradılmış ehtiyatlar müvafiq xərclər hesabının kreditləşdirilməsi yolu ilə azaldılır və ya əvvəllər gəlirdən çıxılmış ehtiyatın azalmış məbləği gəlirə daxil edilir:
9.10.1. aktiv üzrə gecikdirilmiş əsas borc, faiz borcları və (və ya) müqavilədə göstərilən digər ödənişlər tam ödənildikdə (təminat hesabına ödəmələr istisna olmaqla);
9.10.2. 2 (iki) ardıcıl ödəniş tam və vaxtında aparıldıqda.
9.11. Ümidsiz aktiv həmin aktiv üzrə yaradılmış ehtiyat məbləğində balansdan silinir. “Ümidsiz aktivlər”in balansdan silinməsi BOKT-nin icra orqanının təqdimatına əsasən Müşahidə Şurasının (Himayəçilik Şurasının) qərarı ilə həyata keçirilir. Aidiyyəti şəxslərə verilmiş kreditlər istisna olmaqla ümumi məbləği 20 000 (iyirmi min) manatadək olan milli valyutada ümidsiz aktivlərin balansdan silinməsi səlahiyyətləri Müşahidə Şurası (Himayəçilik Şurası) tərəfindən icra orqanına həvalə edilə bilər.
9.12. Ehtiyatlar hesabına balansdan silinmiş bütün aktivlər müvafiq balansdankənar hesablarda (subhesablarda) uçota alınır və azı 5 (beş) il ərzində bu hesablarda uçotu aparılır.
9.13. Əvvəllər balansdan “ümidsiz aktivlər” kimi silinmiş aktivlərin ödənilməsi üçün BOKT-yə daxil olan vəsait müvafiq xərclər hesabının azaldılmasına yönəldilir və ya əvvəllər gəlirdən çıxılmış ehtiyatın azalmış məbləği gəlirə daxil edilir.
10.Yekun müddəalar
10.1. Bu Qayda qüvvəyə minənədək fəaliyyətdə olan BOKT-lərə bu Qayda qüvvəyə mindiyi tarixdən 3 (üç) ay sonra şamil edilir (4.3-cü bəndi istisna olmaqla) və həmin BOKT-lərin fəaliyyətinin prudensial tənzimlənməsi bu Qayda qüvvəyə minənədək mövcud olan normativ xarakterli aktın tələblərinə uyğun olaraq həyata keçirilir.
10.2. Bu Qaydanın 4.3-cü bəndi bu Qayda qüvvəyə minəndən sonra yaradılan BOKT-lərə şamil edilir.
10.3. Bu Qaydanın 9.7-ci bəndinin tələbləri bu Qaydanın 10.1-ci bəndində nəzərdə tutulmuş müddətdən sonra restrukturizasiya edilmiş kreditlərə şamil edilir.
“Bank olmayan kredit təşkilatlarının fəaliyyətinin prudensial tənzimlənməsi Qaydası”na
Əlavə 1 |
Milli valyutada istehlak kreditləri üzrə sektorun orta faiz dərəcəsinin hesablanması qaydası
- Mərkəzi Bank tərəfindən milli valyutada istehlak kreditləri üzrə sektorun orta faiz dərəcəsinin hesablanması aşağıdakı ardıcıllıqla aparılır:
1.1. hər bir BOKT-dən əvvəlki rübdə verilmiş milli valyutada istehlak kreditlərinin aşağıdakı növləri üzrə orta faiz dərəcələri əldə edilir:
1.1.1. avtomobil kreditləri;
1.1.2. kredit kartı vasitəsi ilə verilən kreditlər;
1.1.3. yaşayış sahəsinin təmiri ilə bağlı olan kreditlər;
1.1.4. məişət avadanlıqlarının alınması ilə bağlı olan kreditlər;
1.1.5 digər istehlak kreditləri.
1.2. əldə edilmiş orta faiz dərəcələri əsasında milli valyutada istehlak krediti üzrə BOKT sektorunun medianı müəyyən edilir.
- Hər bir BOKT tərəfindən BOKT-nin əvvəlki rübdə milli valyutada verdiyiistehlak krediti növü üzrə orta faiz dərəcəsinin hesablanması (həmin BOKT üzrə) aşağıdakı düstur ilə aparılır:
Burada:
– BOKT-nin əvvəlki rübdə milli valyutada verdiyi istehlak krediti növü üzrə kreditlərin orta faiz dərəcəsi;
– BOKT-nin əvvəlki rübdə milli valyutada verdiyi istehlak krediti növü üzrə k-cı kreditin məbləği;
– BOKT-nin əvvəlki rübdə milli valyutada verdiyi istehlak krediti növü üzrə k-cı kreditin faiz dərəcəsi;
– istehlak kreditinin növü;
– kreditın sıra nömrəsi,
– j milli valyutada istehlak krediti növü üzrə kreditlərin ümumi sayı.
- BOKT bu Əlavənin 2-ci hissəsində müəyyən edilmiş formada hesabladığı orta faiz dərəcəsini, hesablamaların əsasını təşkil edən məlumatlarla birlikdə Mərkəzi Bankın müəyyən etdiyi formada prudensial tələblərə dair hesabatlarla birgə Mərkəzi Banka təqdim edir.
- Kredit müqaviləsində faizlərin əvəzinə digər ödənişlər nəzərdə tutulduqda, orta faiz dərəcəsinin hesablanmasında həmin ödənişlərin cəmi nəzərə alınır.