9 C
Baku
Friday, December 13, 2024

BOKT-nin nizamnamə kapitalında mühüm iştirak payının əldə edilməsi qaydası müəyyənləşir

“Bank olmayan kredit təşkilatlarının (BOKT) nizamnamə (şərikli) kapitalında mühüm iştirak payının əldə edilməsi qaydası müəyyənləşir.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan “Bank olmayan kredit təşkilatları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, BOKT-nin nizamnamə (şərikli) kapitalında hər hansı şəxs tərəfindən mühüm iştirak payının, o cümlədən mühüm iştirak payını artıraraq səsvermə hüququ olan səhmlərin və ya nizamnamə (şərikli) kapitalının 20, 33 və 50 faizinə çatmasına və ya bu miqdarı keçməsinə gətirib çıxaran iştirak payının əldə edilməsi üçün BOKT-nin səlahiyyətli idarəetmə orqanı bu barədə qərarı və müraciəti ilə birlikdə aşağıdakı sənədləri və məlumatları Mərkəzi Banka təqdim edir:

iştirak payını əldə etmək istəyən hüquqi şəxs olduqda:

-. hüquqi şəxsin adı, ünvanı, fəaliyyət növü haqqında məlumatları, habelə həmin şəxsin nəzərdə tutulan iştirak payının əldə edilməsinə icazə verən səlahiyyətli idarəetmə orqanının qərarının təsdiqlənmiş surətini;

– həmin hüquqi şəxsin icra orqanının rəhbərinin vətəndaş qüsursuzluğu barədə məlumatı (rəhbər əcnəbi olduqda, rezidenti olduğu ölkənin müvafiq hakimiyyət orqanları tərəfindən cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş arayışı);

– hüquqi şəxs xarici hüquqi şəxs olduqda yuxarıda göstərilən sənədlərdən başqa qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş nizamnaməsini (əsasnaməsini), onun yerləşdiyi ölkədə qeydiyyatdan keçdiyini təsdiqləyən sənədi;

iştirak payını əldə etmək istəyən fiziki şəxs olduqda:

– soyadını, adını, atasının adını və vətəndaşlığını, şəxsiyyətini təsdiq edən sənədin məlumatlarını, məşğuliyyət növünü göstərən məlumatı və sənədləri, habelə vətəndaş qüsursuzluğu barədə məlumatı;

– fiziki şəxs əcnəbi olduqda, yuxarıda göstərilən məlumat və sənədlərdən başqa rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş arayışı;

iştirak payının əldə edilməsinə yönəldilən vəsaitin mənbəyi haqqında məlumatı və sənədləri.

Mərkəzi Bank bu qanuna uyğun verilmiş ərizəyə ən geci 20 iş günü müddətində baxır və icazənin verilməsindən aşağıdakı hallarda imtina edir:

-. bu Qanunda nəzərdə tutulan məlumatlar və sənədlər tam təqdim olunmadıqda;

– payın əldə edilməsinə yönəldilən vəsaitin mənbəyi məlum olmadıqda və ya bu Qanunda göstərilən faktlar müəyyən edildikdə;

– iştirak payını əldə etmək istəyən şəxslər (hüquqi şəxs olduqda icra orqanının rəhbərinin) vətəndaş qüsursuzluğu tələblərinə cavab vermədikdə.

İştirak payının əldə edilməsi barədə Mərkəzi Bankın verdiyi icazədə iştirak payının alınmasının son müddəti göstərilir. Bu müddət bitdikdən sonra və ya Mərkəzi Bankın icazəsi olmadan iştirak payının əldə edilməsi barədə əqdlər bağlanıldıqda, həmin əqdlər bağlanıldığı andan etibarsız hesab edilir.

Mərkəzi Bank bu Qanunda göstərilən halları aşkar etdikdə iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya BOKT tərəfindən geri alınması (əldə edilməsi) barədə məhkəməyə ərizə ilə müraciət edir.

BOKT-nin kapitalında mühüm iştirak payına malik olan hər hansı bir şəxs ona məxsus səs hüquqlarını və ya nizamnamə (şərikli) kapitalındakı payını 20, 33 və 50 faizdən aşağı səviyyəyə endirməzdən əvvəl bu barədə Mərkəzi Banka yazılı məlumat verməlidir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər