Bolqarıstan istehlak etdiyi qazın demək olar ki, hamısını (3 mlrd. m3) Rusiyadan alır. İlin sonunadək ölkə istehlak etdiyi qazın 50%-ni digər mənbələrdən almaq niyyətindədir.
Banker.az xəbər verir ki, bu haqda Bolqarıstanın energetika naziri Temenujka Petkova məlumat verib.
Energetika naziri ABŞ-ın energetika nazirinin müavini Mark Menezes, ticarət nazirinin müavini Deyl Taşarski və digər məmurlarla görüşüb. Petkovanın sözlərinə görə, Bolqarıstanın istehlak etdiyi qazın 50%-i Azərbaycandan, TANAP qaz boru kəməri vasitəsilə nəql ediləcək.
“Bu, Mərkəzi və Şərqi Avropanın qaz bazarları arasındakı əlaqələrin inkişaf etdirilməsini hədəf alan Balkan qaz mərkəzi üçün ortaq konsepsiyanın yaradılması yolunda daha bir addımdır”, – energetika naziri bildirir.
Petkova Menezesə Bolqarıstan üçün əsas layihələrin, o cümlədən Yunanıstan və Bolqarıstan arasında bağlayıcı keçidin inşası barədə məlumat verdi.
“Avropanın qaz xəritəsində Bolqarıstanın əsas rolunu qorumaq strateji baxımdan vacibdir”, – nazir vurğulayıb.