Qazprom”la 2022-ci ilin iyulunadək mövcud olan müqaviləsi başa çatdıqdan sonra Bolqarıstan Rusiyadan qaz almayacaq.
Bu barədə Bolqarıstan Baş nazirinin müavini və maliyyə naziri Asen Vasilyev ölkəsinin milli radiosuna müsahibəsində bildirib.
Dövlət rəsmisinin sözlərinə görə, Bolqarıstan alternativ qaz tədarükçüləri axtaracaq. Trans-Balkan axınının mövcud imkanlarından istifadə edə, Qətər və Əlcəzairdən qaz ala, eləcə də ölkəni artıq qazla təmin edən Azərbaycandan qaz idxalını genişləndirə bilər.
Bundan əlavə, nazir bildirib ki, Bolqarıstan hökuməti Avropa İttifaqı ölkələri üçün vahid müqavilə çərçivəsində qaz alacağına ümid edir. O bildirib ki, yaxın həftələrdə bu məsələ müzakirə olunacaq. Satınalma mexanizmi isə yayda işə başlamalıdır. Hazırda isə Rusiya faktiki olaraq Bolqarıstana yeganə qaz tədarükçüsüdür.
Qeyd edək ki, Rusiyanın Ukraynaya hücuna cavab olaraq, bundan əvvəl London 2022-ci ilin sonuna qədər Rusiya neftinin alışını dayandıracağını açıqlamışdı. Həmçinin Avropa İttifaqı Rusiya qazının alışını azaltdığını açıqlayıb. Martın 8-də isə ABŞ Rusiyadan enerji idxalına qadağa qoyub.