23 C
Baku
Tuesday, April 23, 2024

Bolqarıstanın müharibənin ən kritik anında Ukraynaya gizli kömək etdiyi üzə çıxıb

Bolqarıstan müharibənin ən kritik anında Ukraynaya gizli kömək edib.

Bu, WELT və “Politico” nəşrinin araşdırması nəticəsində meydana çıxıb.

Almaniya nəşrinə eksklüziv müsahibə verən Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Bolqarıstanın keçmiş Baş naziri Kiril Petkov və onun maliyyə naziri Assen Vasilev Bolqarıstanın Kiyevi həyati əhəmiyyətli silah və sursat təchizatı ilə təmin etdiyini açıqlayıb.

Müharibə başlayanda Bolqarıstanın Baş naziri olan Petkov ölkəni NATO-yönlü trayektoriyaya çəkməyə çalışarkən, koalisiya tərəfdaşları – köhnə Kommunist Partiyasının davamçıları olan sosialistlər də da daxil olmaqla, Kremlyönlü siyasətçilərin güclü təzyiqi ilə mübarizə aparmalı olub. O, hətta Rusiyanın başlatdığı müharibəyə haqq qazandıran müdafiə nazirini də işdən çıxarmalı olub. Bolqarıstanın Sovet dövründən qalma xeyli silah-sursat ehtiyatına baxmayaraq, ictimaiyyət qarşısında Petkov Ukraynaya hərbi dəstək verəcəyinə dair hər hansı açıqlama verməyib.

Ölkənin Sosialist Partiyası Bolqarıstanın Ukrayna qüvvələrinə silah tədarükünü “qırmızı xətt” adlandırsa da, Petkovun məmurları hökumətlərarası əməliyyatlardan yayınaraq, Bolqarıstan və xaricdəki vasitəçi şirkətlərdən Rumıniya, Polşa və Macarıstan vasitəsilə hava və quru tədarük yollarını açmaq üçün istifadə ediblər.

“Biz hesab edirik ki, müharibənin ilkin mərhələsində Ukrayna ordusuna lazım olan sursatın təxminən üçdə biri Bolqarıstandan gedib”, – Petkov WELT-ə deyib.

Bolqarıstanın keçmiş maliyyə naziri isə bildirib ki, həmin ərəfədə onun ölkəsi Ukraynaya ən böyük dizel ixracatçılarından birinə çevrilib. O əlavə edib ki, Bolqarıstanın Ukraynaya tədarük etdiyi dizel o vaxt Rusiyanın “Lukoil” şirkətinə məxsus olan Qara dəniz neft emalı zavodunda Rusiya xam neftindən emal olunurdu. “Bolqarıstan Ukraynaya ən böyük dizel ixracatçılarından birinə çevrildi və bəzən Ukraynanın tələbatının 40 faizini ödəyirdi”, – keçmiş maliyyə naziri Vasilev WELT-ə bildirib.

Kiyev hökuməti də bunları təsdiqləyib. Kuleba WELT-ə müsahibəsində deyib ki, onun ölkəsi ötən ilin aprelində döyüş sursatının tükənmək təhlükəsi ilə üzləşib. “Biz bilirdik ki, Bolqarıstan anbarlarında çoxlu miqdarda sursat var, ona görə də Prezident Zelenski lazımi materialı əldə etmək üçün məni Bolqarıstana göndərdi”, – Kuleba bildirib.

Kulebanın sözlərinə görə, o zaman bu, “ölüm-dirim” məsələsi idi, çünki əks halda ruslar daha çox kənd və şəhəri işğal edəcəkdilər.

Kiyevin istəkləri ilə üzləşən Petkov Kulebaya deyib ki, onun daxili siyasi vəziyyəti asan deyil, amma əlindən gələn hər şeyi edəcək.

“Kiril Petkov dürüstlük nümayiş etdirdi və mən ona həll tapmaq üçün bütün siyasi bacarıqlarından istifadə etdiyinə görə həmişə minnətdar olacağam.

“Bolqarıstanda hökumət koalisiyasının bəzi üzvləri Rusiyanın tərəfini tutsa da, Petkov tarixin doğru tərəfində olmaq və daha güclü düşmənə qarşı özümüzü müdafiə etməyimizə kömək etmək qərarına gəldi”, – Kuleba deyib.

Fevralın 25-də, Rusiya prezidenti Vladimir Putinin Ukraynanı işğal etməsindən cəmi bir gün sonra, Brüsseldə keçirilən Avropa İttifaqı Şurasının qeyri-rəsmi iclasında Petkov lider həmkarlarına Zelenskinin ömrünün 48 saatdan az ola biləcəyini, onun Moskvanın ölüm siyahısında olduğunu vurğulayıb və Şuranın dərhal sanksiyalarla bağlı sərt qərarlar qəbul etməyə çağırıb.

Eyni zamanda, maliyyə naziri Vasilev Parisdə Avropa İttifaqının maliyyə nazirlərinin toplantısında iştirak edib: “Parisdə bir qərarsızlıq var idi. Hər kəs hələ də hücumun şokunda idi”. İclasda çıxış edən Vasilev rəqəmlər və iqtisadi nəticələr haqqında deyil, Putinin “Ukraynanın de-nasifikasiyası” dedikdə nə demək istədiyi barədə çıxış edib və Bolqarıstanın tarixi təcrübəsindən danışıb: “Ruslar İkinci Dünya müharibəsindən sonra Bolqarıstanda bunu etdilər, minlərlə müxalifləri, professorları və keşişləri öldürdülər və eyni şeyi Ukraynanın başına gətirə bilərlər”. O da təcili qərarlar qəbul etməyə çağırıb və iclas iştirakçıları WELT-ə də təsdiq ediblər ki, bolqarıstanlı nazir toplanan nümayəndələrin əhvalını və müharibə ilə bağlı fikirlərinə ciddi təsir edib.

Həmin iclasdan iki gün sonra Brüssel ciddi qərarlar qəbul edib ki, Aİ dairələrində bu qərarları “Bolqarıstan təklifi” kimi qələmə verilirdi.

Aprelin 19-da, Petkovun Kiyevə səfərindən bir müddət əvvəl, Ukraynanın xarici işlər naziri Kuleba müharibənin yeni və qeyri-müəyyən mərhələsi başlayan kimi Sofiyaya səfər edib. Həmin günlərdə Ukrayna ordusu rusları Kiyev bölgəsindən və şimaldan geri qovmuşdular, lakin bir çox Qərb silahları hələ çatdırılmamışdı. Kuleba müsahibəsində bildirir ki, döyüşlər o qədər şiddətli olub ki, Ukrayna təcili olaraq ehtiyatlarını, xüsusən də Sovet istehsalı olan sursatları artırmalı idi.

Zelenski Kulebanın Sofiyadan yardım ala biləcəyini düşünüb.

Petkov müsahibəsində bildirir ki, onun hökuməti vasitəçilərə birbaşa Ukraynaya deyil, xaricdəki vasitəçi şirkətlərə ixrac etməyə icazə verib. ”Bizim özəl hərbi sənayemiz tam sürətlə istehsal edirdi”, – Petkov bildirib.

Apreldə yayılmış videogörüntülərdə Bolqarıstan və Polşa arasında silahlarla dolu yük təyyarələri görünür. Məlum olan odur ki, Polşanın Ukrayna sərhədindən 70 kilometr aralıda yerləşən və NATO tərəfindən yaxından mühafizə olunan Rzeşov hava limanı əsas daşıma məntəqəsidir. “Biz Rumıniya və Macarıstandan keçən quru yolun da yük maşınları üçün açıq olmasına əmin olduq”, – Petkov əlavə edir.

Kuleba bu tədarükləri təsdiqləyib. O vurğulayıb ki, söhbət Bolqarıstan hökumətinin Ukraynaya birbaşa hərbi yardım göstərməsindən deyil, daha çox Ukrayna şirkətlərinə və NATO ölkələrindən olan şirkətlərə Bolqarıstan satıcılarından lazım olanı almaq imkanı verilməsindən gedir.

WELT-ə verilən məlumata görə, tədarük üçün ABŞ və Böyük Britaniya pul ödəyib.

Vasilev yazda Vaşinqtonda Dünya Bankının iclasında Ukrayna rəsmisi ilə görüşür. Ukraynalı rəsmi ona Kiyev qoşunlarının yanacağının tükəndiyini deyib. Bolqarıstanın Qara dənizdə Burqas yaxınlığında Rusiyanın “Lukoil” qrupunun törəmə şirkəti tərəfindən idarə olunan və Rusiyadan gələn neft tankerləri ilə təchiz edilən neft emalı zavodu var.

Vasilev bildirib ki, o, Bolqarıstandakı “Lukoil” şirkətini artıq nefti Ukraynaya ixrac etməyə təşviq edib: “Reaksiya müsbət oldu və oradakı işçilər də Putinin müharibəsini pislədilər. Bolqarıstanın özü neft emalı zavodunun istehsal etdiyi yanacağın təxminən yarısına ehtiyac duyur; qalan hissəsi isə Ukraynaya göndərilib. Yenə də yerli şirkətlərdən gələn tədarüklər xarici vasitəçi şirkətlər vasitəsilə həyata keçirilirdi”.

Kiyev WELT-ə Ukrayna şirkətlərinin bu mühüm mərhələdə Bolqarıstan dizelini aldığını təsdiqləyib.

MənbəApa
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər