34 C
Baku
Friday, July 12, 2024

“Bolt Services AZ”, “Ozio”, “İndi Market” və “Bazarstore” qida təhlükəsizliyi qeydiyyatından keçib

Qida məhsullarının daşınması və çatdırılması sahəsində fəaliyyət göstərən bir sıra müəssisələr qida təhlükəsizliyi qeydiyyatından keçib.

Bu barədə Banker.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib.

“Qida təhlükəsizliyi haqqında” müvafiq qanunvericilik rəhbər tutularaq və əhalinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində ölkə ərazisində qida zəncirinin bütün mərhələlərində, o cümlədən qida məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi, utilizasiyası, daşınması və digər fəaliyyətləri həyata keçirən sahibkarlıq subyektlərinin qida təhlükəsizliyi qeydiyyatına alınması prosesi davam etdirilir.

Qida məhsullarının daşınması və çatdırılması fəaliyyəti ilə məşğul olan “Bolt Services AZ” MMC, “Ozio” MMC, “İndi Market” MMC və “Bazarstore” MMC qida təhlükəsizliyi qeydiyyatına alınması üçün Agentliyə müraciət edib. Müraciət əsasında bu fəaliyyət sahəsi üzrə adları qeyd olunan şirkətlər müvafiq qaydada qeydiyyata alınıb.

Qeydiyyatdan keçmiş müəssisələrə Agentlik tərəfindən qida təhlükəsizliyinin yerinə yetirilməsi ilə bağlı metodiki dəstəyin verilməsi, müvafiq tələblərin mərhələli şəkildə icrasının təmin olunması və fəaliyyətin qida təhlükəsizliyi tələblərinə uyğunlaşdırılması ilə bağlı köməklik göstəriləcək. Həmçinin qarşılıqlı əməkdaşlıq çərçivəsində ödənişsiz olaraq Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən qeydiyyatdan keçmiş bu şirkətlərin əməkdaşları üçün müvafiq təlimlərin keçirilməsinə başlanılacaq.

Qeyd edək ki, qida zəncirinin bütün mərhələləri, o cümlədən qida məhsullarının daşınması və çatdırılması sahəsində fəaliyyət göstərən sahibkarlar “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn tələblərə, o cümlədən qeydiyyatdan keçməklə bağlı tələblərə əməl etmələri zəruridir. Bildirilir ki, qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyatdan keçmədən fəaliyyəti qanunvericiliklə qadağandır.

Onu da bildirək ki, Agentlik tərəfindən qida təhlükəsizliyi qeydiyyatına dair müraciətlərin qəbulu prosesi elektronlaşdırılıb. Elektron sistem vasitəsilə qida təhlükəsizliyi qeydiyyatından keçmək istəyən sahibkarlar AQTA-nın rəsmi internet saytına (www.afsa.gov.az) daxil olaraq, onlayn qeydiyyat üçün müraciət edə bilərlər. Qeydiyyat üçün dövlət rüsumu tələb olunmur.

Son xəbərlər
Digər xəbərlər