9 C
Baku
Thursday, December 12, 2024

Borc içində batan 10 ölkə

Analitiklər həyəcan təbili çalır: dünya üzrə borc həcmi sürətli templərlə artır. Məsələ mərkəzi bankların iqtisadiyyatı ucuz pullarla təmin etməkdən yavaş-yavaş əl çəkmələri fonunda daha da qəlizləşir, inkişaf etməkdə olan ölkələrin əsas ixracat məhsulu olan xam məhsul qiymətləri isə aşağı olaraq qalır.

Fitch Ratings beynəlxalq reytinq agentliyi xəbərdarlıq edir ki, artan borc yükü dünya maliyyə sisteminin sabitliyinə ciddi təhlükə doğurur. Agentlik tərəfindən qiymətləndirilən 20%-dən çox ölkə 2017-ci ildə maksimum borc/ÜDM nisbətinə malik olacaqlar.

Çində sürətlə artan korporativ borc tez-tez dünya iqtisadiyyatı üçün əsas risklərdən biri olaraq xatırlanır. Bu yaxınlarda Davosda baş tutmuş forumun ekspertləri bildirir ki, 2020-ci ildə Çinin borcu 20 trilyon dollar artacaq (ümumi məbləğ isə 50 trilyon dollar təşkil edəcək), borcun ÜDM ilə nisbəti isə tezliklə ABŞ səviyyəsinə çata biləcək.

Hazırda ABŞ-da dövlət borcu ilə ÜDM nisbəti 106,7% təşkil edir, borcun özü isə 19,9 trilyon dolları üstələyir. ABŞ sentyabr ayında təyin edilmiş maksimum göstəriciyə çatacaq və dövlət borcunu 20 trilyon dollar və yaxud daha yuxarı qaldırmaq lazım gələcək.

Digər bir çox ölkələr də dövlət borcu ilə bağlı problem yaşayır. Banker.az saytı CIA World Factbook məlumatlarına istinadən ən yüksək borc/ÜDM nisbətinə malik ölkələri təqdim edir. Bir fakta diqqət yetirmək lazımdır ki, bir çox ölkələr böyük həcmdə borclarına görə deyil, aşağı səviyyəli ÜDM-a görə siyahının yuxarı pillələrində yer alıb.

  1. Yaponiya — 234,7% ÜDM.

Borc ilə ÜDM nisbəti reytinqində ilk pillədə Yaponiya qərarlaşıb. Bu ölkənin iqtisadiyyatının əsas problemləri əhalinin sürətlə qocalması və aşağı artım templəridir.

  1. Yunanıstan — 181,6% ÜDM.

Ölkə 2010-cu ildən başlayaraq dövlət borcu böhranından əziyyət çəkir. Beynəlxalq kreditorlar mütəmadi olaraq əlavə daha effektiv tədbirlər görməyi tələb etdiyi bir vaxtda, Yunanıstan borc yükünün yüngülləşdirilməsi ilə mübarizəni davam etdirir.

3–4. Livan — 132,5%.

“Livan onun zəif ödəniş qabiliyyəti göstəriciləri nəzərə alınmaqla borc böhranına tab gətirməməkdə əsas “şübhəli şəxs” qismində çıxış edir” – deyə Standard Chartered iqtisadçısı Karla Slim iyun ayında qeyd etmişdi.

3–4. İtaliya — 132,5%.

İtaliyanın borc öhdəliyi avrozonada həcminə görə ikincidir və ola bilsin ki, vahid valyuta bloku üçün ən ciddi iqtisadi risk daşıyır. Dövlət hazırda bir sıra banklara dəstək göstərir. Sistem çökdüyü halda, nəticələr Yunanıstanda olduğundan daha pis olacaq.

  1. Yamayka — 130,1%.

Karib adası son 10 illik ərzində dünyanın ən çox kreditləşmiş məkanı hesab olunur. Yamayka tez-tez BVF-dan cari borclarını ödəmək üçün kreditlər əldə edirdi ki, bu da iqtisadiyyatla bağlı problemi daha da qəlizləşdirib.

  1. Portuqaliya — 126,2%.

Ölkə özünün xilas edilməsi ilə bağlı proqramdan hələ 2014-cü ilin ortalarında çıxsa da, hələ də borc böhranının yaratdığı nəticələrin öhdəsindən gəlməyə çalışır.

  1. Eritreya — 119,8%.

Bu kiçik Afrika xalqı dünyanın ən az inkişaf etmiş ölkələrindən biri hesab olunur. Onun ÜDM həcmi 2,6 milyard dollardan bir qədər çoxdur.

  1. Kabo-Verde — 116,8%.

Atlantikada portuqal dilli bu kiçik ada dövləti son illər ərzində borc yükünü dayanmadan artırıb. 2010-cu ildə borcla ÜDM nisbəti cəmi 70% təşkil edirdi.

9.Sinqapur — 110,5%.

Ölkə yüksək həcmdə dövlət borcu yükündən xilas olmaq məqsədilə iqtisadiyyatın artımı və məhsuldarlığın yüksəldilməsi üçün yeni yollar axtarışındadır.

  1. Qrenada — 110%.

Bu kiçik ada dövlət son zamanlar çox sayda dayanıqsız borc yığıb ki, nəticədə də bir neçə dəfə defolt elan etməli olub.

Son xəbərlər
Digər xəbərlər