“Borc tələsi diplomatiyası” – Çinin imperialist ambisiyaları

İqtisadi cəhətdən güclü və dayanıqlı olan ölkələr, bu üstünlüklərini lazımi təqdirdə iqtisadi silah kimi istifadə edir və boğucu iqtisadi tədbirlərlə onlara qarşı gələn ölkələri cəzalandırırlar. Son dövrlərin hadisələri göstərir ki, ABŞ dollar gücünə dünyaya meydan oxuyaraq ən yaxın ticarət tərəfdaşlarını belə istədikdə cəzalandıra biləcəyinin siqnallarını bir daha gündəmə gətirdi.  Hətta bu gücünün bir qismini Türkiyə üzərində tətbiq edərək, sonuncunun iqtisadiyyatına ciddi zərbə vurdu. Ancaq dünyada bu gücünü kontinental səviyyədə istifadə edən tək ölkə ABŞ deyil. Siyasi qütbün digər tərəfində olan Çin də öz valyuta ehtiyatlarına və iqtisadi gücünə arxalanaraq, borc tələsi diplomatiyası ilə digər ölkələri özündən asılı vəziyyətə salmağa çalışır. Çin hökuməti bunu xüsusilə illərdir davam edən “Belt and Road” (Kəmər və Yol) dövlət proqramı vəsitəsilə  dünyanın 71 ölkəsində geniş infrastruktur layihələrinə borc şəklində sərmayə qoyuluşu vasitəsilə həyata keçirir. Proqramın sonunda sərmayələrin ümumi məbləğinin 1 trilyon dolları keçəcəyi proqnozlaşdırılır.

Mövzunu və borc tələsinin effektini başa düşmək üçün birinci bu mexanizmin necə işlədiyinə diqqət yetirmək lazımdır. Çin öz maraq dairəsinə düşən ölkələrdə böyük infrastruktur layihələrinə iri məbləğda borc vəsait ayırır. Layihələrin icraçısı və ya səhmdarı Çinin dövlət şirkətlərindən biri olur və bütün maliyyələşmə bu şirkət adından aparılır. Layihələrin qiyməti milyardlarla dollar ölçülür və Çin höküməti tranşlarla digər dövlətə vəsait ayırır ki, hər yeni tranşla birlikdə borclanma faiz dərəcəsi də artaraq davam edir. Tərəfdaş dövlət isə ucuz maliyyələşmə tapdığına inanır və yeni maliyyələşmələrə etiraz etmir. Hər şey şəffaf görünsə də, işin digər tərəfi odur ki, Çin höküməti pulların necə xərclənməsinə ciddi nəzarət etmir və pulların təyinatından yayınmasına göz yumur. Nəticədə, illər sonra iri layihələr yarımçıq qalır, dövlətlər Çinə heç nəyin müqabilində milyardlarla dollar borclu qalırlar. Belə mexanizmin işləməsi  üçün Çin iki tip ölkələri seçir: ya şəffaf maliyyə sistemi olmayan inkişaf etməkdə olan , ya da normal həyat şərtləri olan, ancaq iri borc idarəetməsində təcrübəsi olmayan ölkələr. Çin isə bu iqtisadi itkisini dünya xəritəsində geosiyasi üstünlük qazanmaqla kompensasiya edir.

Mexanizmi izah etdikdən sonra bu borc tələsinə düşmüş ölkələrin acı təcrübəsi ilə tanış olaq . Şri-Lanka bir neçə il əvvəl Çindən 1 milyard dollar borc almaqla bir neçə yeni layihələrə başlasa da, cəmi bir neçə ildən sonra borcu  8 milyard dollara qədər artdı və illik 7%-lə  yenə Çinin dövlət banklarında biri tərəfindən yenidən maliyyələşdirilməyə başladı. Borcun onun iqtisadiyyatını boğduğunu görən Şri-Lanka strateji Hambantota portunu Çin şirkətinə 99 illik icarəyə verdi. Bu portun əsas üstünlüyü onun Çin üçün Hind okeanına çıxışının olmasıdır. Maraqlı fakt ondan ibarətdir ki, bu port şəhərində Çin şirkətləri heç bir trafiki olmayan hava limanı tikintisi üçün Şri-Lanka hökümətinə milyardlarla dollar ayırsa da, sonunda tikdikləri hava limanı dünyanın ən boş hava limanı kimi tarixə düşüb. Belə faktlar Çin üçün iqtisadi maraqlardan çox bu məsələnin geosiyasi tərəflərinin maraqlı olduğunu sübut edir. Asiya ölkələri olan Laos və Kamboca kimi ölkələr Çindən o qədər borc alıblar ki, onları dünyada artıq Çinin törəmə ölkələri kimi tanıyırlar.

Bu siyasətin digər qurbanı kiçik Afrika ölkəsi Cibutidir. Ümumidaxili məhsulun 88%-i qədər borc batağında olan ölkə də əvvəlcə bir neçə lazımsız layihələr üçün Çin hökümətindən borc almışdı. İndi ya borcu ödəməlidir, ya da Çinin maliyyə amnistiyasına düşmək üçün onunla dil tapmalıdır. Bu kiçik Afrika ölkəsində Çinin cəmi bir milyard dollarlıq iqtisadi marağı olsa da, geosiyasi maraqları dəfələrlə böyükdür. Belə ki, bu kiçik ölkədə ABŞ-ın Afrikadakı əsas hərbi bazası yerləşir və Çin Afrika üzərində təzyiqini artırmaq üçün bu qitədə ABŞ-ı sıxışdırmalıdır.

Borc tələsi diplomatiyasının ən böyük zərərçəkənlərindən biri Pakistan oldu. Belə ki, “Çin Pakistan İqtisadi Koridoru” vəsatəsilə Çin höküməti burada 27 milyard dollarlıq layihələri maliyyələşdirdi. Plan Pakistan iqtisadiyyatına ümumilikdə 62 milyard dollarlıq investisiya etmək idi. Lakin, onsuz da dünyanın ən qeyri-şəffaf və qeyri-stabil ölkələrindən olan Pakistan bu vəsaitləri təyinatı üzrə istifadə etmədi və BVF (Beynəlxalq Valyuta Fondu) ölkənin Çinə olan borcunu qaytara bilməyəcəyini proqnozlaşdıran hesabat yaydı. Pakistan BVF-ə borc üçün müraciət etsə də, Amerikanın hökümət katibi Pompeo, İMF-in Amerika dollarlarını Çinin borc tələsi diplomatiyası üçün istifadə etməyəcəyini açıqladı. Nəticədə, Pakistan keçmiş borcu ödəmək üçün Çindən yenidən 2 milyard dollarlıq borc aldı. Faktiki, hər kəs başa düşür ki, Pakistan Çinə Hindistan üzərində təzyiq yaratmaq üçün vacib kartdır və buna görə 62 milyard dollar xərcləmək Çin iqtisadiyyatı üçün ölümcül deyil. Hətta Pakistan 2018-ci ilin noyabr ayında Çinlə ticarətdə dollardan imtina etdiyini və bütün ticarətin yuan vasitəsilə olacağını bəyan etdi.

Bu diplomatiya vasitəsilə Çin hətta borc verdiyi ölkələrin ərazilərini də nəzarət altına götürür. Məsələn, Malaziyada 700,000 nəfərin yaşayacağı 4 süni ada tikilib və artıq şəhər salınıb. Tikintini həyata keçirən Çin şirkəti burdakı yaşayış və iaşə obyektlərini ancaq Çinlilərə satır və ada Malaziyanın olsa da əhalinin 100%-nin Çinli olması proqnoz edilir. Pakistanda isə Çin “Qvadar” portunda 500,000 nəfərlik yeni şəhərsalma layihəsinə investisiya edir. Buradakı evlərin qiymətləri o qədər bahadır ki, pakistanlılar üçün əlçatmaz sayıla bilər. Bu diplomatiya vasitəsilə Çin gələcəkdə münaqişə ocaqları kimi istifadə edə biləcəyi ərazilər yaradır. Bu da onun dünya xəritəsindəki yerini bir az da möhkəmləndirir.

Yekunda qısa xülasə ilə deyə bilərik ki, təhlillərə görə Çin silah və zor gücünə deyil, iqtisadi hegemonluğu hesabına regionu və əhatə dairəsindən kənar ölkələri özündən asılı vəziyyətə gətirmək istəyir. ABŞ dövlət rəsmiləri Çinin Afrika və Cənubi Asiyada infrastruktur layihələrinin heç bir iqtisadi səmərəsi olmadığını bilə-bilə maliyyələşdirməklə kolonialismin yeni formasını yaratdığına görə günahlandırır. Çin höküməti isə bu proqramı “Çinlə xarakterizə edilmiş sosializmin inkişafı” adlandırır və sadəcə dünyanı sosializm ilə tanış etdiyini söyləyir. Hər bir halda, bu proqram vasitəsilə Çin hələ ki, cəmi 210 milyard dollarlıq (ümumi məbləğin cəmi 20%-i) investisiyanı maliyyələşdirib və indidən bir neçə ölkəni demək olar ki, vassalı halına sala bilib. Proqram davam etsə, dünyanın geosiyasi xəritəsində siyasi qütblər arasında nüfuz balansı dəyişə bilər.

               — Müəllif —
Ali Dadashzade, ACCA