Bakı Kommersiya Məhkəməsi “Neftçi” Futbol Klubunun sabiq qannalı futbolçusu barəsində xaricə çıxışla bağlı “stop” qoyulması xahişini nəzərə alıb.
Banker.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən kommersiya məhkəməsinə vergi ödəyicisi olan 29 yaşlı Qodsvey Donyonun (Godsway Donyoh) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat xahişi edilib.
Məhkəməyə sədrlik edən İlham Əhmədov 12 iyul 2024-cü il tarixli qərarı ilə DVX-nin idarəsinin iddiasını təmin edib.
Vergilər Nazirliyinin bazasının son yenilməsinə əsasən (12.07.2024, 16.01) Qodsvey Donyonun dövlətə 3 678 manata yaxın vergi borcu var.
Qodsvey Donyo futbolda hücumçu mövqeyində çıxış edir. O, 24 iyun 2022-ci ildə “Neftçi”yə transfer olub.
Bununla belə o, İngiltərənin “Mançester Siti”, İsveçin “Falkenberq”, “Yurqorden”, İsrailin “Makkabi Hayfa” klublarında oynayıb. Hazırki müqaviləyə əsasən, o, Kiprin “Appolon” klubunda karyerasını davam etdirir.