7 C
Baku
Cümə axşamı, Dekabr 2, 2021

Borclanmanın yuxarı həddinə dair sənədlərin büdcə zərfinə daxil edilməsi təklif olunub

“Təqdim olunan məlumatlara əsasən, cari ilin icra göstəricisi əvvəlki illərin icra göstəricilərindən fərqlənmir”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

Hesablama Palatasının sədri bildirib ki, digər vacib amil başa çatmamış layihələrin həcmidir: “Belə layihələrin sayı təqribən 207-dir. İcrası yarımçıq qalan layihələrin həcminin onlara ayrılan vəsaitdən dəfələrlə çox olacağı qənaətindəyik. Bu istiqamətdə işlərin görülməsini tövsiyə edirik. Eyni zamanda rəyimizdə büdcə qanunvericiliyində yeni anlayışların da qeyd olunmasını təklif etmişik. İnvestisiya layihələrinin səmərəliliyini qiymətləndirmək üçün sənəd də təqdim edilməyib. Vahid büdcə təsnifatının büdcə planlaşması, büdcə uçotu və onların təhlilinə uyğun gəlməməsinə görə çətinliklər yaranır. Vahid büdcə təsnifatının təkmilləşdirilməsinə ehtiyac var. Ötən illərin təcrübəsinə əsaslanaraq dövlət büdcəsinin növbəti proqnozlaşdırılmış kəsrinin daha az məbləğdə olacağını düşünürük”.

V. Gülməmmədov qeyd edib ki, dayanıqlılığa təsir edən əsas amillərdən biri borclanmadır: “Bununla yanaşı, həm daxili, həm də xarici borclanmanın yuxarı həddinin müəyyən edilməsi ilə bağlı əsaslandırıcı sənədlərin də büdcə zərfinə daxil edilməsini təklif edirik. Yeni borc strategiyasının necə hazırlanacağı ilə bağlı məlumatların da büdcə zərfində yer almaması diqqət çəkir”.

Son xəbərlər
Oxşar xəbərlər
X