Milli Məclisin bu günki iclasında 34 məsələyə baxılıb. Onlardan bank sistemi üçün ən vacibi olanı “İcra haqqında” qanunla bağlı olan təkliflərdən ibarət olub.
“İcra haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. O, bildirib ki, “İcra haqqında” qanuna əsasən, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər.
Dəyişikliklər borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının məhkəmə qərarları əsasında verilmiş icra sənədləri ilə yanaşı, həm də vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri əsasında da həyata keçirilməsini müəyyən etmək məqsədi ilə edilir. Qanun layihəsi səsə qoyulub və qəbul edilib.
bizimyol