Avropa İttifaqının xarici siyasət idarəsinin rəhbəri Jozef Borrel ruslara vizaların tam qadağası ideyasını dəstəkləməyib.
Bu barədə adı çəkilən tərəfindən tvitter-də paylaşılan məlumatda bildirilib.
“Bu, çox mübahisəli təklifdir… Bəzi ölkələr bununla bağlı artıq müəyyən tədbirlər görüb, bəziləri isə bunu dəstəkləmək niyyətində deyil. Məncə, bütün rusların ölkəyə girişinə qadağa qoyulması yaxşı fikir deyil. Biz daha seçici olmalıyıq”,-deyə J.Borrel İspaniyanın Santander şəhərində keçirilən beynəlxalq konfransda çıxış edərkən bildirib.
Onun sözlərinə görə, ən böyük rusiyalı iş adamlarının Avropa İttifaqına daxil olmasına icazə verilməməlidir, lakin, sıravi ruslara belə qadağa qoyulmamalıdır:
“Ölkəni tərk etmək istəyən, belə bir vəziyyətdə Rusiyada qalmağa hazır olmayan çoxlu ruslar var. Biz belə ruslara qapını bağlaya bilmərik, bunun yaxşı fikir olduğunu düşünmürəm”.
Bu yaxınlarda bir sıra Qərb dövlətlərinin nümayəndələri Rusiya vətəndaşlarına viza verilməsinə qadağa qoymağa çağırsalar da, bu məsələ ilə bağlı vahid mövqe yoxdur.