Ukraynadakı münaqişə ilə bağlı yeganə sülh planı Çinin deyil, prezident Volodimir Zelenskinin təklifləridir, bunu Avropa İttifaqının (Aİ) xarici siyasət rəhbəri Josep Borrell Florensiyada ekspert konfransında bildirib.
Banker.az bu barədə RBC-ya istinadən xəbər verir.
“Yalnız bir şey var ki, onu sülh planı adlandırmaq olar və bu, Zelenskinin təklifləridir. Çinin sülh planı sülh planı deyil, sadəcə xoş arzular toplusudur”, – deyə Borrel söyləyib.
Diplomat hesab edir ki, hazırda Qərb Ukraynanın hərbi səylərini dəstəkləməkdə davam etməlidir. O qeyd edib ki, onu bəzən Kiyevə yardımı dayandırmağa çağırırlar. Bu baş verərsə, Borrelin fikrincə, Ukraynada hərbi əməliyyatlar dayanacaq, lakin tezliklə Rusiya Polşa sərhədlərində olacaq. Rəhbər qeyd edib ki, Qərb deyil, Moskva hərbi əməliyyatları dayandırmağa çağırmalıdır.
Mart ayında Si Cinpinin Moskvaya səfəri zamanı prezident Vladimir Putin qeyd etmişdi ki, Ukraynadakı münaqişənin həlli ilə bağlı Çinin təklifləri gələcəkdə Kiyev və Qərbin buna hazır olduğu halda sülh yolu ilə nizamlanma planının hazırlanması üçün əsas ola bilər.