Ali Məhkəmə ər və arvadın ümumi əmlakının bölünməsi ilə bağlı qərar qəbul edib. Bu qərarla boşanma proseslərində ər-arvad arasında yaranan mübahisəli məsələlərə aydınlıq gətirilib.
Birgə nikah dövründə qazanılmış əmlakların boşananda bərabər qaydada necə bölünəcəyi haqda məlumat vermişdik. Bəs hansı hallarda ər-arvadın birinə artıq pay düşə bilər?
Bu suala Ali Məhkəmənin Mülki kollegiyasının hakimi Zaur Əliyev cavab verib.
Hakim bildirib ki, bölgü aparılarkən payların müəyyən olunması birinci mərhələdir. Qanunvericiliyə görə, başqa qayda müəyyənləşməyibsə, paylar bərabər sayılır və bölgü bu bərabər paylara görə aparılır. Amma qanun ər-arvad arasında payların qeyri-bərabər bölünməsində istisna halları da nəzərdə tutur: “Məsələn, uşaqların üstün mənafeyi tələb edildikdə, ərin və ya arvadın hər hansı biri üzrsüz səbəbdən heç bir gəlir əldə etmədikdə əmlak qeyri-bərabər bölünə bilər. Həmçinin ola bilər ki, ər və ya arvad əmlakı ümumi ailə məqsədlərinin ziddinə olan məsələlərə xərcləyib və bu da ciddi fəsadlara yol açıb. Bu halları məhkəmə nəzərə alır. Qeyd etmək istəyirəm ki, payların qeyri-bərabər bölünməsi ilə bağlı məsələlər istisna hallar olduğuna görə çox ciddi araşdırılmalı və hər işin konkret hallarından asılı olaraq həll edilməlidir”.
Zaur Əliyevin sözlərinə görə, Ali Məhkəmənin Plenum Qərarında bu məsələlərlə bağlı bir məqam xüsusi vurğulanıb: “Bəzən olur ki, uşaqlar tərəflərdən birinin himayəsində qalır və buna görə daha artıq pay istənilir. Plenum qərarında qeyd olunub ki, uşaqların sadəcə valideynlərdən birində qalması faktı özü-özlüyündə payın artırılması üçün əsas deyil. Burada ilk növbədə uşaqların üstün mənafeyi aydınlaşdırılmalıdır. Bu halda məhkəmə tərəflərdən birinin payını artırmaqla bölüşdürməni həyata keçirə bilər”.