19 C
Baku
Tuesday, October 7, 2025

Boşanma zamanı kimə daha çox əmlak düşür?

Boşanma zamanı əmlakların tərəflər arasında bölünməsi bir çox halda mübahisələrlə müşahidə olunur. Hesab edilir ki, istər daşınar, istərsə də daşınmaz əmlak kimin vəsaiti ilə alınıbsa və ya mülkiyyət hüququ kimdədirsə, əmlak da ona aiddir. Ən əsası isə tərəflər daha çox əmlaka sahiblənməyə çalışırlar.

Bəs qanunla boşanma zamanı əmlak ər və arvad arasında necə bölünür? 

Qanunvericiliyə görə, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah müqaviləsində və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Ailə Məcəlləsinə görə, buraya onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) aiddir.

Həmçinin ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər və digərləri əmlakın ər-arvaddan kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə əldə olunan birgə əmlaka daxildir.

Nikah dövründə üzrlü səbəblərdən (ev təsərrüfatının idarə olunması, uşağa qulluq və s.) qazancı olmayan ər və ya arvad da ümumi əmlak üzərində hüquqa malikdir.

Nikaha daxil olanadək onlara məxsus olan əmlak, eyni zamanda nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında əldə olunan əmlak isə ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Mülki Məcəlləyə görə, belə əmlaklar o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi və ya şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və s.) müəyyənləşdirilsin. Əgər nikah müqaviləsi və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir.

Bundan başqa, zinət əşyaları istisna olmaqla, fərdi istifadə əyşaları (geyim, ayaqqabı və s.) evlilik zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsindədirsə, ona aiddir.

Ər-arvadın ümumi əmlakının bölünməsinə gəldikdə, bu təkcə nikah pozulduqdan sonra yox, həmçinin nikah dövründə, habelə borcverən ödəməni ər-arvadın birgə əmlakında onlardan birinin payına yönəltmək barədə ərizə verdikdə həyata keçirilir. Ümumi əmlak bölündükdə, nikah dövründə həmin əmlakın bölünməmiş hissəsi, eləcə də nikah dövründə sonradan qazanılmış əmlak ər və arvadın birgə mülkiyyətini təşkil edir.

Tərəflərin ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ər-arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər. Lakin mübahisə olduqda, ümumi əmlakın bölünməsi, eləcə də əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.

Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. Məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər.

Ayrı-ayrı hallarda isə məhkəmə yetkinlik yaşına çatmayan uşaqların, həmçinin ər və ya arvaddan birinin mənafeyini (o cümlədən ər-arvaddan biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda) nəzərə alıb birgə mülkiyyəti onların arasında bərabər bölməyə bilər.

Yetkinlik yaşına çatmayan uşaqların tələbatını ödəmək üçün əldə olunan şeylər (geyim, paltar, ayaqqabı, məktəbli və idman ləvazimatları, musiqi alətləri, uşaq kitabxanası və s.) isə bölünmür və əvəzi ödənilmədən uşaqları ilə birgə yaşayan valideynə verilir. Həmçinin ər-arvadın ümumi əmlakı hesabına yetkinlik yaşına çatmayan ümumi uşaqların adına qoyulmuş əmanətlər həmin uşaqlara məxsus hesaba edilir və əmlakın bölünməsi zamanı nəzərə alınmır.

Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir.

Son xəbərlər
Digər xəbərlər