“Birgə nikah dövründə əldə olunmuş əmlaklar (ər-arvadın ikisindən birinin işləyib-işləməməyindən asılı olmayaraq) boşanma zamanı iki yerə bölünür”.
Bunu vəkil Vamiq Şükürov bildirib.
Onun sözlərinə görə, bir sıra hallarda birgə nikah dövründə əldə olunan əmlak ərin və ya arvadın ayrıca mülkiyyəti sayılır: “Bu əşyalardan (əmlaklardan) biri qızıl-zinət əşyalarının bağışlanması nəticəsində onların qazanılmasıdır. Yəni, ər və ya arvada bağışlanan qızıllar onların özlərinin mülkiyyəti sayılır. Lakin birgə nikah dövründə hər hansısa bir şəxsə aid olmayan, istifadə edilməyən (“lom formasında”) qızıllar birgə nikah dövründə əldə olunmuş əmlak sayılır və o, tərəflərin tələbi ilə məhkəmə qaydasında bölünə bilər”.
Vəkil qeyd edib ki, boşanma zamanı qızılları tələb edən şəxslər ilk növbədə, bu əmlakın onlara hədiyyə verildiyini sübut etməlidir: “Bu adətən toy zamanı çəkilən video-qeydlər ilə sübut olunur. Daha sonra isə həmin şəxslər qızıllarının qarşı tərəfdə olduğunu sübut etməli və buna dair sübutları məhkəməyə təqdim etməlidirlər”.