15 C
Baku
Monday, November 17, 2025

Böyük Britaniya bu üç ölkə vətəndaşlarına viza verilməsini qadağan edə bilər

Böyük Britaniya üç Afrika ölkələsinin vətəndaşlarına viza verməyi dayandıra bilər. Bu barədə Britaniya Daxili İşlər Nazirliyindəki mənbələrə istinadən “The Times” qəzeti məlumat yayıb.

Məlumata görə, söhbət Anqola, Namibiya və Konqo Demokratik Respublikasından gedir. Nəşr qeyd edir ki, bu ölkələr Böyük Britaniyada qanunsuz yaşayan təxminən 4 min vətəndaşını geri qəbul etməkdən imtina edib. Hərçənd ki, bu rəqəmin hansı dövrə aid olduğu açıqlanmır. Məqalədə deyilir ki, krallığın DİN-i 13 noyabr tarixində Londondakı həmin ölkələrin səfirliklərini, bir ay ərzində deportasiya məsələsində Britaniya qurumları ilə daha aktiv əməkdaşlıq etmədikləri təqdirdə, viza verilişinin sərtləşdirilə biləcəyi barədə xəbərdar edib.

“The Times” yazır ki, ilkin mərhələdə Böyük Britaniya diplomatlar və imtiyazlı şəxslər üçün sürətli viza alma hüququnu ləğv etməyi planlaşdırır — onlar adi qaydada müraciət etməli və ümumi növbədə gözləməli olacaqlar. Növbəti mərhələdə məhdudiyyətlər qeyd edilən ölkələrin bütün vətəndaşlarına şamil oluna bilər, o cümlədən, ABŞ prezidenti Donald Tramp administrasiyasının tədbirlərinə bənzər şəkildə vizaların tam qadağan edilməsi də mümkündür. Nəşr əlavə edir ki, zamanla deportasiya olunmuş və ya qanunsuz yaşayan vətəndaşlarını geri qəbul etməkdə çətinlik yaradan digər ölkələr — Hindistan, Pakistan, Nigeriya, Banqladeş, Somali və Qabon da “qara siyahı”ya daxil edilə bilər.

“Böyük Britaniyada biz qaydalara uyğun hərəkət edirik. Mən ölkələrə öz cinayətkarlarını və qanunsuz miqrantlarını geri qəbul etmədikləri halda cəza tətbiq olunacağını deyəndə, bunu tam ciddiyyətlə demişdim. Xarici hökumətlərə bu gün mesajım aydındır: vətəndaşlarınızı qəbul edin, yoxsa ölkəmizə giriş imtiyazını itirəcəksiniz”, — deyə Birləşmiş Krallığın daxili işlər naziri Şabana Mahmud “The Times”a bildirib.

Son xəbərlər
Digər xəbərlər