Böyük Britaniya kralı III Çarlzın qardaşı Endryu Mauntbetten-Vindzor maliyyəçi Cefri Epşteynlə əlaqələrə dair şübhələr əsasında saxlanılıb. Bu barədə BBC məlumat yayıb.
Temz-Velli qraflığının polisinin bəyanatına görə, o, vəzifə səlahiyyətlərindən sui-istifadədə şübhəli bilinir.
Endryu Vindzordan köçdükdən sonra Norfolkdakı Sandrinqem malikanəsindəki yaşayış yerində saxlanılıb. Fevralın 19-u səhər saatlarında orada nişansız polis avtomobilləri və mülki geyimli əməkdaşlar müşahidə olunub.
Keçmiş şahzadə artıq bir neçə ildir ki, Epşteynlə mümkün əlaqələrinə görə qalmaqalın mərkəzindədir. 2025-ci ilin dekabrında III Çarlz onu bütün titullarından məhrum edib. Polisin versiyasına görə, Böyük Britaniyanın beynəlxalq ticarət üzrə xüsusi nümayəndəsi olduğu dövrdə Endryu məxfi məlumatları Cefri Epşteynlə bölüşüb. Kralın qardaşı ona qarşı irəli sürülən bütün ittihamları tamamilə rədd edir.






