Noyabrda Böyük Britaniyada istehlak qiymətləri illik müqayisədə 2.6% artıb. Bu məlumatları dünən, dekabrın 18-də Böyük Britaniya Milli Statistika İdarəsi (ONS) dərc edib. Beləliklə, inflyasiya ardıcıl ikinci ay sürətlənib – oktyabrda qiymətlər 2.3%, sentyabrda isə 1.7% artıb. Noyabrda inflyasiya “Reuters” agentliyinin sorğusuna qatılan analitiklərin proqnozları səviyyəsində olub.
Ərzaq və enerji kimi əhəmiyyətli mövsümi qiymət dəyişkənliyi olan əmtəələri istisna etməklə, istehlak qiymətləri indeksi oktyabrda 3.3%-dən 3.5%-ə yüksəlib. ONS-in məlumatına görə, noyabrda alkoqol və tütün məmulatlarının qiymətləri 6.8%, mənzil qiymətləri 5.8%, səhiyyə xidmətlərinin qiymətləri 5.5%, ərzaq məhsullarının qiymətləri 3.5%, geyim qiymətləri isə 2% artıb.
Nəqliyyat xidmətlərinin qiymətləri 1.1%, mebel və məişət mallarının qiymətləri isə 0.5% ucuzlaşıb. Ümumiyyətlə, inflyasiya əsasən xidmət sektoru ilə bağlıdır: orada qiymətlər illik ifadədə 5.7%, malların qiymətləri isə cəmi 0.4% artıb.
Bir çox ekspertlər hesab edir ki, inflyasiya məlumatları ümumilikdə proqnozlara uyğun olsa da, xidmət sektorunda qiymətlərin artması İngiltərə Bankının cümə axşamı keçiriləcək növbəti iclasında əsas faiz dərəcəsinin azaldılmasını çətinləşdirir.