Böyük Britaniya hökuməti, əhalinin sağlamlığını qorumaq məqsədilə “şəkər vergisi” tətbiq etməyə hazırlaşır. Ölkənin maliyyə naziri Corc Ozborn gələcək nəsillər üçün sağlam həyat vəd edən və şəkər istehlakını azaltmağa yönəldilmiş büdcə planını açıqlayıb. Yeni qanun layihəsi ilə tərkibində şəkər olan alkoqolsuz içkilərin hər 1 litrinə görə vergi alınacaq. Bu qanun, xüsusilə, Böyük Britaniya məktəblərindəki içki və şirniyyat bufetlərinə şamil ediləcək. Corc Ozbornun sözlərinə görə, şəkərdən həddindən artıq çox istifadə edilməsi diabet və obezit daxil olmaqla, bir çox sağlamlıq probleminə yol açır.
“Mən bu parlamentdə olduğum zamanlara geri dönüb baxanda, uşaqlarıma “Bağışlayın, şəkərli içkilərlə bağlı problemin olduğunu bilirdik, bunun xəstəliklərə səbəb olduğunu bilirdik və heç nə etmədik” kimi sözlər demək istəmirəm. Ona görə də bu gün spirtsiz içkilər sənayesində yeni şəkər vergisi elan edirəm. Vergi şirkətlərin istehsal və ya ixrac etdikləri şəkərli içkilərin həcminə görə müəyyənləşdiriləcək. İki qadağa olacaq: birincisi hər 100 millilitrdə 5 qramdan artıq şəkər tamamilə qadağan olacaq; ikincisi isə daha çox şəkərli içkilərdə hər 100 millilitrdə 8 qramdan artıq şəkərə icazə verilməyəcək. Təbii meyvə şirələri və süd-əsaslı içkilər istisna ediləcək.” – deyə Böyük Britaniyanın maliyyə naziri Corc Ozborn bildirib.
Bəzi ekspertlər isə şəkər vergisinin sağlamlıqdan daha çox büdcəyə əlavə gəlir məqsədilə hazırlandığını bildirirlər. Britaniya Spirtsiz İçkilər Assosiasiyasının Baş direktoru Qevin Partinqton spirtsiz içkilər sektorunun kalori və şəkər miqdarını azaltmaq üçün son illərdə tədbirlər gördüyünü vurğulayaraq, bu büdcə planını “ədalətsiz” adlandırıb.
ANS PRESS