Banker.az xəbər verir ki, Böyük Britaniyada üzərində yazıçı Jane Austenin təsvirinin olduğu 10 funt sterlinq nominalında polimer banknot dövriyyəyə buraxılıb.
Yeni banknot polimerdən hazırlanıb ki, bu da onu daha ekoloji, təhlükəsiz və davamlı edir. Həmçinin, görmə çətinliyi olan vətəndaşların banknotdan daha rahat istifadə etməsi üçün onun üzərində xüsusi səth var. Plastik banknotlar digər ənənəvi kağız pullar ilə müqayisədə bir sıra üstünlüklərə sahibdir. Belə ki, onları saxtalaşdırmaq, korlamaq və yaxud çirkləndirmək çətindir.
Bu artıq Böyük Britaniyada plastik material ilə yenidən buraxılan ikinci banknotdur. Belə ki, keçən ilin 13 sentyabr tarixində plastikdən hazırlanmış 5 funt sterlinq dövriyyəyə buraxılmışdı. Plastik material ilə yenidən buraxılacaq növbəti banknotun 20 funt sterlinq olacağı gözlənilir. Sözügedən bu banknotun üzərində britaniyalı rəssam Cozef Uilyam Ternerin təsviri yer alacaq və onun buraxılışına 2020-ci ildən başlanılacaq.
Qeyd edək ki, İngiltərə bankı artıq Jane Austen təsvirli 10 funt sterlinq nominalında 1 milyard banknot çap edib və bu pullar yaxın bir neçə ay ərzində dövriyyəyə buraxılacaq. Köhnə 10 funt sterlinqləri isə 2018-ci ilin yazına qədər istifadə etmək mümkün olacaq.