Böyük Britaniyanın ən varlı iş adamı Qopi Hindudja uzun sürən xəstəlikdən sonra 85 yaşında dünyasını dəyişib. Bu barədə “Financial Times” (FT) qəzeti mənbələrə istinadən məlumat yayıb.
“The Sunday Times” qəzetinin məlumatına görə, Hindistan mənşəli Hinduja ailəsinin ümumi sərvəti 35,3 milyard funt sterlinq (təxminən 46,1 milyard dollar) təşkil edir. Ailə “Hinduja Group” adlı holdinqin sahibidir. Bu şirkət bankçılıq, daşınmaz əmlak, neft hasilatı, avtomobil istehsalı və əyləncə sənayesi kimi bir çox sahələrə sərmayə yatırır.
FT yazır ki, Qopi Hindudja 1959-cu ildə ailə biznesinə qoşulub və şirkətin böyük beynəlxalq konsernə çevrilməsində mühüm rol oynayıb. Şirkət XX əsrin əvvəllərində Hindistanda təsis edilib, onun əsas xarici ofisi isə 1979-cu il İslam inqilabına qədər Tehranda yerləşirdi.
İş adamı və onun böyük qardaşı Şri Hindudja 1980-ci illərdə Londona köçərək “Hinduja Group”un fəaliyyətinə oradan rəhbərlik etməyə başladılar. Şri Hindudja 2023-cü ildə vəfat edib.








