Böyük Britaniyada fəaliyyət göstərən 1285 kompaniyanın rəhbərləri əhalini sabah keçiriləcək referendumda ölkənin Avropa İttifaqından çıxmasının əleyhinə səs verməyə çağırıblar.
RİA Novosti informasiya agentliyi xəbər verir ki, “Times” qəzetinin redaksiyasına Britaniya fond birjasının indeksinə daxil olan iri kompaniyaların nümayəndələrinin, həmçinin orta və kiçik müəssisə sahiblərinin imzaladığı məktub daxil olub. Məktubun müəllifləri arasında “Virgin Group” korporasiyasının banisi Riçard Brenson, “Bloomberg” agentliyinin təsisçisi Maykl Blumberq və başqaları da var.
Biznesmenlərin fikrincə, “Brexit” (Böyük Britaniyanın Avropa İttifaqından çıxması) ölkə iqtisadiyyatına mənfi təsir göstərəcək, Avropa ilə ticarət həcminin aşağı düşməsinə və iş yerlərinin ixtisarına gətirib çıxaracaq.
Xatırladaq ki, Böyük Britaniyanın Avropa İttifaqında üzvlüyünün aqibəti barədə referendum iyunun 23-də keçiriləcək.
AZƏRTAC