16 C
Baku
Friday, November 22, 2024

Böyüklərin “böyük” razılığı

Hindistanın (son sammitdə Bharat kimi təqdim olundu) paytaxtı Yeni Dehlidə “Böyük İyirmilər”in (G20) “Bir dünya, bir ailə, bir gələcək” adlı iki günlük sammitinin yekun bəyannaməsinin konsensus əsasında qəbulu toplantının uğuru sayıla bilər. Çünki Qərb ölkələri istənilən toplantıda Ukraynaya qarşı işğalçı müharibə aparan Rusiyaya qarşı sərt sənədin qəbuluna çalışırlar. “Böyük iyirmilər”də Rusiya təmsil olunduğundan bu ölkəni sərt tənqid edən sənədin qəbulu mümkün deyil. Ona görə də toplantıya ev sahibliyi edən Dehli tərəfdaşlarıyla birgə yekun bəyannamədə elə bir formul tapmalıydı ki, onu həm Qərb ölkələri, həm də Rusiya qəbul etsin. Hindistan yekun bəyannamədə inkişaf və geosiyasət məsələləri üzrə konsensusun əldə edilməsinə nail olub.

Liderlər Ukraynayla bağlı yekun bəyannamədə belə bir cümlənin qəbuluna razılaşıblar: “Böyük iyirmilərin” liderləri BMT Nizamnaməsinə riayət etməyə və nüvə silahının tətbiq edilməsindən çəkinməyə çağırış edib”. Yekun bəyannamədə Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi barədə cümlə yoxdur. Bunun əvəzinə sənəddə vurğulanıb ki, müharibə insanlara əzab gətirib. Kimsə bu cümləyə etiraz etməyib. Maraqlıdır ki, “böyük iyirmilərin” İndoneziyanın Bali adasında keçirilən bundan əvvəlki toplantısında Qərb ölkələri Rusiyaya qarşı sərt bəyanatın qəbuluna çalışmışdılar. Bu səbəbdən həmin toplantı gərgin şəraitdə keçmişdi. Bu dəfə isə Qərb ölkələri vaxt itirməmək üçün Ukrayna məsələsinin üzərində xüsusi dayanmayıblar. Əks halda BRICS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) ölkələri onsuz da buna imkan verməyəcəkdi. Təsadüfi deyil ki, Hindistanın xarici işlər naziri Subramanyam Cayşankar Bali və Dehli bəyannamələri belə müqayisə edib: “Bali Balidir, Nyu-Dehli Nyu-Dehlidir. Bali bir il öncə olub, o zaman vəziyyət başqa olub. O zamandan çox şeylər baş verib”. “The Times of India” qəzetinin yazdığına görə, Ukrayna ilə bağlı ifadəni razılaşdırmaq üçün görüş iştirakçılarına 150 saat vaxt lazım olub. Ümumilikdə isə ekspertlər Hindistan sammitini təşkilatın tarixində ən çətin sammitlərindən biri kimi qiymətləndiriblər, yekun bəyannamənin razılaşdırılması təxminən iyirmi gün çəkib.

Hindistandakı toplantıda bir məsələyə də diqqət yetirilib və həmin yanaşma yekun bəyannamədə əksini tapıb: “G20 geosiyasi və təhlükəsizlik problemlərinin həlli üçün platforma deyil, hərçənd, bu problemlərin qlobal iqtisadiyyat üçün xeyli nəticələri ola bilər”. Bu cümləni Ukrayna ilə bağlı belə oxumaq olar: “Rusiya-Ukrayna müharibəsini müzakirə etməsək də, bu müharibə qlobal ərzaq və energetika təhlükəsizliyi, tədarüklər zənciri, makromaliyyə sabitliyi, inflyasiyalar üçün neqativ nəticələr yaradıb, bir sıra ölkələr üçün siyasi mühiti mürəkkəbləşdirib”. “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirir ki, bu səbəbdən “böyük iyirmilərin” toplantısında müharibə müzakirə edilmədən “taxıl sazişi” müzakirə predmeti olub.

“Bəyannamədə Ukrayna və Rusiyadan taxıl, ərzaq məhsulları və gübrələrin təhlükəsiz ixracı üzrə Qara dəniz təşəbbüsünün gerçəkləşdirilməsinə çağırış edilib”- deyə, o bildirir.

Sənəddə vurğulanıb ki, G20 liderləri Türkiyənin bununla bağlı təşəbbüsünü dəstəkləyir, həmçinin “Rusiya Federasiyası və Ukraynadan taxıl, ərzaq və gübrələrin dərhal və maneəsiz tədarükünü təmin etmək üçün tam, vaxtında və effektiv həyata keçirməyə” çağırırlar. Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan taxıl müqaviləsi çərçivəsində Rusiyanın tələblərini nəzərə almağa çağırıb.

Geosiyasi məsələlərdə razılıq əldə etmək üçün günlər lazım olsa da, iqtisadi və ekoloji mövzularda razılıq əldə etmək çətin olmayıb. Bu mövzularda hamının qayğısı oxşardır. G20 ölkələri “qlobal ərzaq təhlükəsizliyini gücləndirmək” öhdəliyi barədə razılığa gəlib. “Böyük iyirmilər” açıq və ədalətli ticarəti təşviq etmək və ixrac qadağaları tətbiq etməməklə bağlı öhdəliklər götürüb. Bundan əlavə, G20 liderləri yekun sənəddə dünyada, xüsusən də aşağı və orta gəlirli ölkələr üçün etibarlı, yüksək keyfiyyətli vaksinlərə və dərmanlara bərabər çıxışın təmin edilməsinə çağırış ediblər, həmçinin müxtəlif ölkələrin səhiyyə sistemlərinin dayanıqlığının yüksəldilməsinin vacibliyini qeyd ediblər. Onlar həmçinin qadınların hüquqlarının müdafiəsi üzrə yeni işçi qrupunun yaradılması barədə də razılığa gəliblər.

Dehlidəki sammit çərçivəsində müxtəlif ikitərəfli və çoxtərəfli görüşlər də keçirilib. Misal üçün ABŞ, Avropa İttifaqı, Səudiyyə Ərəbistanı və Hindistan yeni Hindistan-Yaxın Şərq-Avropa iqtisadi dəhlizinin yaradılması haqqında razılığa gəliblər. Sənədə əsasən, əsas məqsəd iqtisadi inkişafı stimullaşdırmaqdır. Bundan başqa bu ölkələr Çinin “Bir yol, bir kəmər” layihəsinə alternativ layihə həyata keçirmək istəyilər. Həmin istiqamətin başlanğıcı Hindistan olmalıdır.

Böyük İyirmilər:

1. Argentina
2. Avstraliya
3. Braziliya
4. Kanada
5. ÇXR
6. Fransa
7. Almaniya
8. Hindistan
9. İndoneziya
10. İtaliya
11. Yaponiya
12. Cənubi Koreya
13. Meksika
14. Rusiya
15. Səudiyyə Ərəbistanı
16. CAR
17. Türkiyə
18. Böyük Britaniya
19. ABŞ
20. Avropa İttifaqı

 

Son xəbərlər
Digər xəbərlər