Britaniyanın neft-qaz şirkəti BP özünə məxsus avtomobil yağları və digər sürtkü materialları brendi Castrol-dakı nəzarət paketini (65%) investisiya şirkəti Stonepeak-ə satır. Sövdələşmənin məbləği 6 milyard dollar təşkil edir, borclar nəzərə alınmaqla brendin ümumi dəyəri 10,1 milyard dollar olaraq qiymətləndirilir.
Castrol-un satışı BP-nin restrukturizasiya proqramının bir hissəsidir. Bu proqram çərçivəsində şirkət təxminən 20 milyard dollar dəyərində aktivlərin satışını planlaşdırır. Sövdələşmədən əldə olunan vəsait BP-nin borclarının ödənilməsinə yönəldiləcək. Qeyd olunur ki, ötən rübün sonuna BP-nin borc yükü 26 milyard dolları ötüb.
Ekspertlər bildirirlər ki, son illərdə BP çətin dövr yaşayır. Bu, xüsusilə şirkətin fosil yanacaqlardan uzaqlaşaraq bərpa olunan enerji mənbələrinə keçid cəhdinin uğursuzluğu ilə əlaqələndirilir. Son 20 ildə BP-nin bazar kapitallaşması təxminən üç dəfə azalıb — 2006-cı ildə 250 milyard dollardan cari ildə 90 milyard dollara düşüb. Dekabrın 18-də BP baş icraçı direktoru Mürrey Aukinqlossun istefa verdiyini və onun yerinə Meq O’Nilin təyin olunacağını açıqlayıb. Bununla da o, son üç ildə şirkətin üçüncü baş icraçı direktoru olacaq.
Castrol şirkəti CC Wakefield adı ilə yaradılıb və fəaliyyətinin ilk dövrlərindən müxtəlif sürtkü materiallarının istehsalı ilə məşğul olub. XX əsrin əvvəllərindən etibarən isə avtomobil yağlarının istehsalına başlayıb. 2000-ci ildə BP bu şirkəti Burmah-Castrol adı altında 4,7 milyard dollara satın almışdı.








