19 C
Baku
Sunday, October 13, 2024

BP Azərbaycana verdiyi səmt qazının həcmini artıracaq

Cəbrayılda tikintisi planlaşdırılan 230 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyası işə düşdükdən sonra BP şirkəti Azərbaycana verdiyi səmt qazının həcmini artıracaq.

Bu barədə BP şirkətinin Səngəçal terminalında hasilat işləri üzrə rəhbəri İbrahim Terequlov bu gün Energetika Nazirliyinin Heydər Əliyevin 100 illiyi münasibəti ilə jurnalistlər üçün Səngəçal terminalına təşkil etdiyi press-tur çərçivəsində bildirib.

İ.Terequlov qeyd edib ki, səmt qazının həcminin artmasına səbəb sıfır karbon emissiyası tələbinə əməl edilməsidir:

“Hazırda Səngəçal ərazisində gücü 22 MVA olan 7 turbin var. Onlardan 5-i “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunu, 1-i “Şahdəniz 1″i, 1-i isə “Şahdəniz 2″ni elektrik enerjisi ilə təmin etmək üçündür.

Cəbrayıldakı günəş elsktrik stansiyası işə düşdükdən sonra biz elektrik enerjisini “Azərenerji” ASC-dən alacağıq. Bu turbinlər isə fəaliyyətini dayandıracaq. Nəticədə turbinlərin istismarına yönələn səmt qazı da Azərbaycan tərəfinə ötürüləcək. Bu həmçinin karbon emissiyasının azaldılması ilə bağlı qlobal öhdəliyi yerinə yetirmək baxımından da əhəmiyyətlidir”.

Xatırladaq ki, 2021-ci ilin 3 iyun tarixində Energetika Nazirliyi və BP arasında Zəngilan/Cəbrayıl rayonu ərazisində 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair İcra Müqaviləsi imzalanıb. İcra Müqaviləsi çərçivəsində əməkdaşlıq günəş enerji layihəsinin texniki və kommersiya aspektində qiymətləndirilməsini, stansiyanın layihələndirilməsini, maliyyələşdirilməsinin təmin edilməsi və yekun investisiya qərarının qəbulu kimi istiqamətləri əhatə edir.

2022-ci il 4 iyun tarixində Energetika Nazirliyi və BP arasında Cəbrayılda 240 MVt gücündə günəş elektrik stansiyası layihəsinin birgə həyata keçirilməsi ilə bağlı növbəti addımların atılması məqsədilə 2021-ci ilin iyun ayında bağlanmış İcra Müqaviləsinə Əlavə imzalanıb. “Bakı Enerji Həftəsi” çərçivəsində Şuşa şəhərində imzalanan bu sənəd “Şəfəq” Günəş Elektrik Stansiyası layihəsinin reallaşdırılması istiqamətində birgə fəaliyyəti yekunlaşdırmaq üçün görüləcək tədbirləri əks etdirir. İcra Müqaviləsinə edilmiş Əlavə sənədinə əsasən, layihənin icrasında effektiv texniki və kommersiya həllinə nail olmaq üçün “Virtual Enerji Ötürülməsi Mexanizmi” adlı biznes modelinin tətbiqi planlaşdırılır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər