bp şirkəti Azərbaycanda mövcud boru xətlərinin hidrogen nəqli üçün istifadəsi imkanlarını nəzərdən keçirir.
Bunu bu gün bp-nin Azərbaycan, Gürcüstan və Türkiyədə maliyyə üzrə vitse-prezidenti Kolin Allan “Azərbaycanda “yaşıl” transformasiyanın sürətləndirilməsinin yeni üsullarının müəyyən edilməsi” panel sessiyasında deyib.
“Azərbaycan Energetika Nazirliyi ilə azad edilmiş ərazilərdə günəş elektrik stansiyasının tikintisi üzrə birgə layihəmiz sayəsində Səngəçaldakı müəssisələrimizi elektrik enerjisi ilə təmin edə biləcəyik. Bu, istehsalın karbonsuzlaşdırılmasına nail olmağın bariz nümunəsidir. Qiymətləndirmələrimizə əsasən, bununla biz tullantı səviyyəsini 11 faiz azalda bilərik”, – deyə o bildirib.
Onun sözlərinə görə, bp ilə Azərbaycan arasında əməkdaşlığın otuz illik müddətində karbohdirogenlər sənayesinə yüz milyardlarla dollar investisiya qoyulub.
“İndi “yaşıl” gələcəyə investisiyaları nəzərdən keçirmək lazımdır. Biz həm də mövcud boru xətlərinin təkcə qaz deyil, həm də hidrogen nəqli üçün istifadəsi imkanlarını nəzərdən keçiririk”, – bp rəsmisi deyib.